Bursada Reza Deqatinin fotosərgisi açılıb - FOTOLAR

A- A A+

Bursada keçirilən Şuşa Günləri çərçivəsində məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisi açılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Bursada keçirilən Şuşa Günləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Bursa valisi Yakup Canbolat və digərləri sərgiyə baxıblar.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun adından Reza Deqatiyə təşəkkür plaketi təqdim edib.

Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi 60 foto nümayiş olunur.

Qeyd edək ki, 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində anadan olan Reza Deqatinin 14 yaşında çəkdiyi ilk foto təhsil aldığı məktəbin nəşr etdirdiyi “Parvaz” jurnalında yayımlanıb. Fəaliyyətinə İran İnqilabı ilə bağlı şəkillər çəkməklə başlayan sənətkarın bu fotoları tezliklə dünyanın bir çox yerlərində nümayiş etdirilib. Fotoqrafın əsərləri 2000-dən çox jurnalın üz qabığında yer alıb. Onun dünyanın 115 ölkəsində çəkdiyi fotoşəkillərin sayı iki milyonu ötüb.

Sənətkar 40 kitabın müəllifi, bir çox mükafatın sahibidir.

Reza Deqati Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

1987-ci ildən ölkəmizlə bağlı şəkillər çəkən fotoqraf 1992-ci ilin aprelində erməni qüvvələri tərəfindən işğal olunmasından bir neçə həftə əvvəl Şuşanın fotolarını çəkib. Reza Deqati 30 ildən sonra Şuşaya qayıdaraq şəhəri yenidən kamerasının yaddaşına köçürüb.

Azərbaycanın füsunkar şəhərlərindən biri olan və erməni vandalizminə məruz qalan Şuşanın viran edilmiş vəziyyəti Reza Deqatinin müqayisəli fotoşəkilləri ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: