Heydər Əliyev və Azərbaycan mədəniyyəti

A- A A+

Xalqımızın ümummilli lideri, bütün əsrlər üçün canlı klassik olan dahi şəxsiyyət Heydər Əliyevin belə bir müdrik kəlamı var: “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”. Bütün qaynar fəaliyyəti dövrü bu sağlam əxlaqi-etik və estetik prinsiplə yaşayan ulu öndər həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparmışdır. Məhz dahi şəxsiyyətin torpağa, milli dəyərlərə dərindən bağlılığının nəticəsidir ki, 1969-cu ildən etibarən mədəniyyətimiz, bir sözlə, milli mənəvi dəyərlərimiz, soy-kökümüz özümüzə qayıdıb.

Heydər Əliyev və Azərbaycan mədəniyyəti problemi çox geniş bir sahəni əhatə edir. Biz bu məqalədə həmin mövzunun ancaq bəzi cəhətlərindən bəhs etmək istəyirik. Ulu öndər Heydər Əliyev daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli dəyərlərimizin inkişafı üçün böyük danılmaz xidmətlər göstərmişdir. Bu danılmaz bir həqiqətdir ki, onun hakimiyyəti illərində mədəniyyətimiz sürətlə inkişaf etdi, milli ruh özümüzə qayıtdı.

Bir həqiqəti bilirik ki, ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamağa başladı. Öncə bu dahi şəxsiyyət sənətə və sənətkara dərin hörmət və ehtiramla yanaşdı. Mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirmək naminə xeyli faydalı işlər gördü. Paytaxt şəhərimizdə və respublikamızın ayrı-ayrı bölgələrində əzəmətli abidələr ucaldıldı. Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavid... abidələri şəhərlərimizin ümumi görkəminə xüsusi cazibədarlıq gətirdi.

Məhz ulu öndərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının. Niyazinin, Bülbülün, M.S.Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri açılmışdır. Bu xatirə ev muzeylərinə hər il minlərlə tələbə, məktəbli, müxtəlif peşə və sənət sahibləri gəlir. Milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş bu insanların qaynar fəaliyyətləri ilə yaxından tanış olur və bu fədakar insanlarla fəxr edirlər.  

Məlum bir həqiqətdir ki, ümummilli liderimiz hələ uşaqlıq illərində incəsənətə, teatr və musiqiyə, rəssamlığa həvəs göstərib, məktəbdə oxuyarkən dram dərnəyində iştirak edib. Eyni zamanda memarlıq ixtisası üzrə ali məktəbdə oxuyubdur. H.Əliyevin Azərbaycan incəsənətinə böyük istəyi illər keçdikcə onun incəsənətin bütün sahələrində professional biliyə yiyələnməsinə təminat vermişdir. Tale elə gətirmişdir ki, onun parlaq memarlıq istedadı inşaat sahəsində deyil, Azərbaycanda milli dövlət quruculuğu sahəsində çiçəklənmişdir. O, xalqımızın nəcib arzu və əməllərinin timsalı olan möhtəşəm imarətin, müstəqil milli dövlətimizin memarı, yaradıcısı kimi tarixə adını əbədi yazdırmışdır.

Zəmanəmizin görkəmli dövlət xadimi kimi tanınan H.Əliyev mənalı ömrünü dövlətçiliyimizin möhkəmlənməsinə, mədəniyyətimizin və incəsənətimizin çiçəklənməsinə həsr etmişdir. Azərbaycan Milli Dram Teatrında, Opera və Balet Teatrında baxdığı tamaşalar haqqında biz onun dəfələrlə peşəkar sənətşünas  səviyyəsində çıxışlarını televiziyada izləmişik. O, Azərbaycan teatrının  qayğılarını daima nəzarətdə saxlamış, Milli Dram Teatrında “İblis”, ”Natəvan”, ”Mahnı dağlarda qaldı”, ”Xəyyam”, “Şəhərin yay günləri”, ”Hökmdar və qızı”, ”Dəli yığıncağı” və başqa tamaşalara baxmış, həmin tamaşalara yüksək sənət bilicisi kimi qiymət vermişdir. Onun təqdimatı ilə Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Fidan Qasımova SSRİ Xalq artisti və Toğrul Nərimanbəyov SSRİ Xalq rəssamı fəxri adlarına layiq görülmüşlər.

Azərbaycan mədəniyyəti, incəsənəti həmişə ulu öndərimizin diqqət mərkəzində olmuşdur. Bəstəkarlarımızın, memarlarımızın, rəssamlarımızın, şair və ədiblərimizin mənəvi inkişafı və tərəqqisi üçün Heydər Əliyev onlara həmişə böyük qayğı ilə yanaşmışdır. Heç təsadüfi deyildir ki, məhz onun yaxından qayğısı və fəaliyyəti sayəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov, Mustafabəy Topçubaşov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Bu, unudulmayan və heç bir zaman yaddan çıxmayan tarixi xidmətdir. Milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.

1974-cü ildə Azərbaycanda dünyəvi teatrın yaradılmasının yüz illik təntənəsi sözün ən geniş mənasında milli sənət bayramına çevrildi. Moskvada keçirilən uzunmüddətli qastrol səfəri aydınlığı ilə sübut etdi ki, Azərbaycan teatrı hansı mənəvi dəyərlərə malik bir sənət ocağıdır. Yeri gəlmişkən, fərəhlə bildirək ki, məhz ulu öndərimizin təşəbbüsü ilə Azərbaycanda 30-dan çox yeni teatr açılmışdır. Elə bunun özü milli sənətə göstərilən diqqətin ən parlaq hadisəsi kimi qeyd olunmalıdır.

Azərbaycan xalqı qarşısında Heydər Əliyevin heç bir zaman unudulmayacaq tarixi xidmətləri çoxdur. Dahi Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğma yurdu Naxçıvanda dəfn olunması, Naxçıvanda Cavid ev muzeyinin açılması, Cavidlər kompleksinin yaradılması, Bakıda əzəmətli heykəlinin ucaldılması mədəniyyətimizə, bir sözlə, milli mənəvi dəyərlərimizə, ulu şəxsiyyətlərə göstərilən diqqət və qayğının sonsuz təzahürüdür.

Bir əsrdən artıq yaşı olan milli kinomuzun mənəvi inkişafında, azərbaycançılıq ruhunda tərbiyə olunmasında ulu öndərin xüsusi tarixi xidmətləri olmuşdur. Məhz onun göstərişi və təşəbbüsü ilə “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Qatır Məmməd”, “İstintaq” kimi milli ruhlu, milli ideyalı filmlər çəkilmişdir. “İstintaq” bədii filminə o dövrün ən böyük mükafatı-SSRİ Dövlət mükafatı verilməsi də məhz Heydər Əliyev fenomeninin qiymətli məhsuludur. “Kinomuzun tarixi və bu sahədə əldə olunan nailiyyətlər bizim milli sərvətimizdir”,- deyən ulu öndərin müstəqillik dövrünün çətinliklərinə baxmayaraq, kinoya, kino işçilərinə yüksək qayğısı onları yeni milli ruhlu, milli əqidəli filmlər yaratmağa ruhlandırmışdı.

Məlum həqiqətdir ki, ilk dəfə yaxın Şərqdə opera, operetta yazmaq səadəti böyük bəstəkar Üzeyir bəy Hacıbəyliyə nəsib olmuşdur. Onun musiqi mədəniyyətimizin qızıl xəzinəsini təşkil edən “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Arşın mal alan” və digər opera və operettaları həmişə müasirdir. Ulu öndər Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubiley təntənəsində demişdir: “Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da çox az idi, kino, televiziya və başqa vasitələr də yox idi, təsəvvür edin, Ü.Hacıbəyov öz operası vasitəsilə M.Füzulinin sözlərini, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettaları vasitəsilə istədiyi fikri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir”.

Bakıda, respublikamızın şəhərlərində Şəhidlər xiyabanlarının yaradılması, şəhidlərə abidələrin ucaldılması, burada vaxtaşırı abadlıq işlərinin davam etdirilməsi ənənəsi H.Əliyevin fəaliyyəti ilə bağlıdır. Biz onun respublikamızın bütün bölgələrində təşkil olunan rəsm sərgilərində, sənət adamlarının yubileylərində, heykəllərin açılışında sənətə və sənətkar əməyinə böyük qiymət verdiyinin şahidi olmuşuq.

Ulu öndərimiz H.Əliyev milli mədəniyyətimizin və incəsənətimizin bəşəri nailiyyətləri ilə həmişə fəxr etmişdir. Dəfələrlə böyük sənətkarların yubileylərində iştirak etmiş və onların böyük nailiyyətləri ilə fəxr etdiyini bildirmişdir. Böyük estetik zövqə malik olan Heydər Əliyev Azərbaycanın milli mədəniyyətini, musiqisini, mənəvi dəyərlərini çox sevirdi. Bəstəkar-müğənni Müslüm Maqomayevin böyük öndərə ithaf etdiyi “Azərbaycan” (sözləri Nəbi Xəzrinindir) mahnısını dinləyəndən sonra böyük sevgi və həyəcanla demişdir: “Mən bu mahnını çox sevirəm, o məni həyəcanlandırır, çünki mahnıda deyilir ki, Azərbaycan həqiqətən həyatımın mənasıdır”.

Sağlam həqiqət budur ki, Heydər Əliyev bütün varlığı ilə, canı ilə, ruhu ilə, bütün mənəviyyatı ilə Azərbaycan torpağına, Azərbaycan mədəniyyətinə dərin tellərlə bağlı olan nurlu bir şəxsiyyət idi. Onun Azərbaycan xalqına, milli mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı, sözün geniş mənasında fədakarlığı əsrlər boyu yaddan çıxmayacaq. Çünki bu dahi şəxsiyyət Azərbaycan xalqını, Azərbaycan milli mənəviyyatını qışdan bahara çıxartdı. Budur tarixi xidmət, budur xalq qarşısında müqəddəs borc. İndi Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti bütün dünyada tanınır, sevilir, alqışlanır. Bu tarixi xidmət, bu tarixi nailiyyət məhz ulu öndərimizin adı və geniş fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyev yolu həmişə nurlu və sabahlı bir yol olmuşdur. Bu yol bizləri, milli mədəniyyətimizi geniş üfüqlərə doğru aparır. Ötən illər ərzində nə qədər işlər görülmüş, nə qədər tarixi xidmətlər göstərilmiş, soykökümüz, milli mənliyimiz, milli qan yaddaşımız, bir sözlə, mənəvi dəyərlərimiz özümüzə qayıtmışdır. Bu qayıdışa, bu uğura  yalnız və yalnız Heydər Əliyev zəkası, Heydər Əliyev düşüncəsi, Heydər Əliyev fenomeni səbəbkar olmuşdur. Bu inkaredilməz və sağlam bir məntiqdir. Xüsusən də onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışı daha böyük nailiyyətlərin, mədəni yüksəlişin qlobal inkişafına səbəb olmuşdur. Mədəniyyətimizin, incəsənətimizin inkişafı naminə imzaladığı fərman və sərəncamlar irəliyə doğru atılan böyük bir addım, nailiyyət kimi tarixə düşdü. Ayrı-ayrı sənətkarların, ustad söz sahiblərinin adlarının, xatirələrinin, mədəni abidələrimizin əbədiləşməsi və yeni-yeni tikililərin yaranması bir daha aydınlığı ilə sübut etdi ki, ulu öndər nə qədər milli-mənəvi dəyərlərə malik nurlu bir şəxsiyyətdir. Məhəmməd Füzulinin 500, Nəsiminin 600, “Kitabi Dədə Qorqud” dastanlarının 1300 illik yubileylərinin beynəlxalq aləmdə təntənəli surətdə keçirilməsi məhz dahi şəxsiyyətin fədakar əməyi nəticəsində həyata vəsiqə almışdır. Səməd Vurğunun 90, Rəsul Rzanın 90, Üzeyir Hacıbəylinin 110, Cəlil Məmmədquluzadənin 125, Hüseyn Cavidin 100, 120, Cəfər Cabbarlının 100 illik yubileylərinin və digər çağdaş yaradıcı şəxsiyyətlərin yubileylərinin keçirilməsi və adlarının əbədiləşdirilməsi milli mədəniyyətimizə göstərilən diqqət və qayğının parlaq təzahürüdür. Heydər Əliyevin böyük tarixi xidmətlərindən biri də keçən əsrin 30-cu illərində repressiyaya uğramış latın qrafikasının bərpa edilməsindən ibarət olmuşdur. Bu unudulmayan və hər zaman yadda qalan tarixi bir xidmətdir, soykökə, milli qan yaddaşına, milli varlığa qayıdışdır.

O xalq böyükdür ki, cavanları yaşlılardan, yaşlıları cavanlardan öyrənirlər.      H.Əliyev müdrik pedaqoq kimi gənclərə məsləhət bilirdi ki, “Siz hələ gəncsiniz. Qarşınızda böyük yaradıcılıq yolu vardır. İstərdim ki, sizdən əvvəlki sənətkarlar – Lütfəli Abdullayev, Rəşid Behbudov, Leyla Bədirbəyli kimi öz üzərinizdə çalışasınız. Mən onları çox yaxından tanıyıram, onlarla dost idim. Onlar öz üzərində necə çalışırdılar, necə işləyirdilər, necə yeni nailiyyətlər əldə edirdilər, mən bunu sizə də tövsiyə edirəm”.

Ulu öndərimiz həmişə deyirdi ki, istedad  xalqın milli sərvətidir. Ona qayğı göstərmək, inkişafına şərait yaratmaq bizim müqəddəs borcumuzdur.  Xüsusən də yaradıcı gənclərə göstərdiyi diqqət və qayğı daha əhəmiyyətli olmuşdur. Bu qayğı ulu öndərin fəaliyyətində mühüm yer tuturdu. Belə ki, o, 1996-cı il iyunun 22-də ölkəmizdə gənc istedadların “Qızıl kitabı”, ”Gənc istedadlar fondu”, ”Azərbaycanda gənc istedadlara dövlət qayğısı” adlı sərəncamlar imzalamışdır. H.Əliyev uşaq və yeniyetmələrin, gənclərin yüksək estetik zövqə malik olmalarını, milli-mənəvi dəyərlərimizə yiyələnmələrini, milli kökə bağlı, vətənpərvər olmalarını müstəqillik dövrünün ən zəruri məsələsi kimi qiymətləndirirdi. Dahi şəxsiyyət gənclərə müraciətlə demişdi: “Gənclərimiz milli ruhda, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmalıdırlar. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidirlər, dilimizi yaxşı bilməlidirlər, milli dəyərlərimizi yaxşı bilməlidirlər. Hər bir gəncimiz vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə olaraq orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Bu gün Heydər Əliyev yolu, strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən şərəf və ləyaqətlə davam etdirilir. Heydər Əliyev ideyaları, Heydər Əliyev arzu və düşüncələri ölməzdir.

Böyük kəşflər və mənəvi sərvətlər yaratmış xalq fəxr edə bilər ki, bu kəşflər, mənəvi sərvətlər bəşəri xarakter daşıyır, illər keçdikcə dünyəviləşir. Heydər Əliyev böyük kəşflər, mənəvi sərvətlər yaratmış Azərbaycan xalqının böyük oğludur. Mən fəxr edirəm ki, azərbaycanlıyam,- deyən Heydər Əliyevin şəxsiyyəti, zəngin mənəvi dünyası, göstərdiyi tarixi xidmətlər gələcək nəsillərə böyük örnəkdir.

 

Əbülfəz Quliyev

AMEA Naxçıvan Bölməsi İncəsənət, 

                            Dil və Ədəbiyyat İnstitutunun baş  direktoru, AMEA-nın müxbir üzvü,

filologiya elmləri doktoru, professor

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: