Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi bədii televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”də rol alacaq aktyorların seçim mərhələsi keçirilir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar. Bildirilib ki, bu filmdə çox sayda aktyor olmalıdır, baş rollar çoxdur. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir. Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.
AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin XII-XIII əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. Həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.
Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.