Əməkdar artist Teymur Əmrahın ifası konserti yaddaqalan edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada ansamblı Naxçıvan Dövlət Milli Dram Teatrında konsert proqramı ilə çıxış edib. Azərbaycan Respublikasının Əməkdar artisti Teymur Əmrahın layihə rəhbəri olduğu konsert proqramı rəngarəng ifalarla tamaşaçılar üçün yaddaqalan olub.
Yeni yaradılan ansamblın təqdimatında əvvəlcə Tofiq Quliyevin “Naxçıvani” mahnısı ifa olunub.
Əməkdar artistlər Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Zülfüqar Mahmudov, Nərmin Hüseynova Müslüm Maqomayevin, Emin Sabitoğlunun, Cahangir Cahangirovun, Ramiz Mirişlinin, Oktay Kaziminin, Sərxan Sərxanın, Elza İbrahimovanın və digər korifey bəstəkarlarımızın unudulmaz əsərlərini səsləndiriblər.
Konsert proqramında Əməkdar artist Teymur Əmrah repertuarından dillər əzbəri olan mahnılar ifa edib, özünəməxsus səsi və fərqli ifa tərzi ilə dinləyicilərə xoş anlar yaşadıb.
Konsert Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.
Qeyd edək ki, çoxsaylı müraciətlər nəzərə alınaraq Naxçıvan Dövlət Filarmoniyasının Estrada ansamblının dekabrın 27-də eyni məkanda ikinci konserti təşkil olunacaq.
Leyla Cəfərzadə