Naxçıvan və Qarabağın yenidən inteqrasiyası ölkəmizdə turizmin inkişafına geniş imkanlar açacaq - FOTOLAR
Müasir dövrün sürətlə dəyişən situasiyaları və yeni çağırışları fonunda ölkəmizin inkişaf prioritetləri arasında Qarabağı yenidən dirçəltmək və Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması kimi mühüm vəzifələr qarşıda durmaqdadır. Otuz ilə yaxın bir müddətdə davam etmiş mənfur erməni işğalına son qoymuş Vətən müharibəsindən sonra Qarabağdakı dağıntıların bərpası və quruculuq istiqamətində qətiyyətlə davam etdirilən işlər gələcəkdə mühüm sektor olan turizmin də müxtəlif növləri üzrə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Qarşıdakı dövrdə Qarabağda turizmin inkişafı məsələləri bu qədim Azərbaycan torpağının yenidən dirçəldilməsi qədər əhəmiyyətli bir proses olacaqdır. Belə ki, işğal altında qalaraq erməni vandalizminin qurbanı olmuş və tamamilə dağıdılmış ərazilərimizin öz əvvəlki görkəminə qayıtması üçün yüz milyardlarla dollar vəsait və uzun müddət vaxt tələb olunacaqdır. Şübhəsiz, bu proseslərdə Qarabağ bölgəsində turizmin inkişafı da prioritet olacaqdır, çünki turizm özünün mühüm funksiyaları ilə istər regional inkişafa, istər sosial-humanitar sahəyə, istərsə də ölkələrarası sülh münasibətlərinin tənzimlənməsinə verdiyi töhfələrlə dünya təcrübəsində öz təsdiqini tapmışdır. Məhz bu baxımdan son illərdə bölgəmizdə baş verən bütün hadisələrin təhlili onu göstərir ki, Qarabağda turizmin inkişafı ilə ölkəmiz gələcəkdə iqtisadi və geostrateji sahədə arzuedilən məqsədlərə çatmaq üçün mühüm fürsətlər qazanacaqdır. Belə ki, bu həm də uzun illər ərzində təkcə Qarabağın deyil, həm də ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da birbaşa olaraq böyük Vətənimizin digər bölgələri arasında turizm marşrutlarının yaradılması ilə mümkün olacaqdır. Bununla da istər ötən XX əsrdə, istərsə də ondan əvvəlki dövrlərdə bir-biri ilə sıx əlaqələri olmuş bu iki mühüm bölgəmizin turizm potensialının yenidən bir-birinə inteqrasiyası nəticəsində turizm-rekreasiya təsərrüfatının inkişafı ilə yanaşı, yuxarıda qeyd etdiyimiz bir sıra digər müsbət nəticələrin əldə olunması mümkündür.
Naxçıvanla Qarabağ regionunun yeni iqtisadi əlaqələrində turizmin arxazəmininə baxdıqda qeyd edə bilərik ki, keçmiş SSRİ dövründə Naxçıvan kapitalist dövlətləri ilə sərhədyanı bir ərazi olduğu üçün bura turistlərin hərəkəti məhdudlaşdırılsa da, tam əksinə, Qarabağa həm yerli, həm də əcnəbi turistlərin səfərləri olmuş, Qarabağ işğaldan əvvəl ölkəmizin paytaxtından sonra ən çox turist qəbul etmiş bölgə olmuşdur. Hazırda isə vəziyyət tam dəyişilmiş, Naxçıvan və Qarabağ ölkəmizin 7 turizm bölgəsi arasında cazibədarlığına görə mühüm yer tutur.
Ayrıca olaraq qeyd etmək lazımdır ki, ölkəmizin bu iki tarixi bölgəsi son ikiyüzillik bir dövrdə baş vermiş tarixi proseslərdə diqqət mərkəzində olmuş, Naxçıvan və Qarabağ sakinləri Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından keçən iki yüz ilə yaxın bir müddətdə yaşadıqları haqsızlıqlar və mübarizələri baxımından bənzər taleyi bölüşən insanlar olmuşlar. Yaxın tarixə baxsaq görərik ki, Naxçıvan və Qarabağ bölgələri bir-birindən fiziki olaraq hələ ki ayrı olsalar da, otuz il əvvələ qədərki keçən yüzilliklərboyu çox sıx əlaqələri olan iki bölgə kimi tanınmışdır. Bu, tarixi torpaqlarımız olan Zəngəzurla hər iki bölgənin həm tarixi-coğrafi, həm də iqtisadi-mədəni əlaqələrində mövcud olmuş, bu gün də yerli əhalinin yaddaşlarında yaşadılan adət-ənənələrin köklərində açıqca görünməkdədir.
Bu gün isə Cənubi Qafqazın mühüm nəqliyyat-kommunikasiya dəhlizləri üzərindəki Qarabağ və Naxçıvan bölgələri hələ yüz illər əvvəl tarixi İpək Yolunun əsas marşrutlarından biri olmuş, bu gün də Naxçıvanla həmsərhəd olan qardaş ölkə Türkiyənin artan təsiri bu potensialı daha da gücləndirməkdədir. İki bölgənin turizm ehtiyatlarına baxdıqda görürük ki, təbii-iqlim şərtləri müxtəlif olsa da, Naxçıvanla Qarabağın təbii turizm ehtiyatlarının, xüsusən müalicə-sağlamlıq və dağ-relyef gözəllikləri kimi ehtiyatlar baxımından bir-birinə bənzərliyi çoxdur. Bundan əlavə, Naxçıvan və Qarabağ bölgələri turist marağını cəlb edən tarixi-mədəni zənginlikləri ilə də bir-birini tamamlayan bölgələrimizdir. Turizm cazibəsi baxımından isə xüsusi olaraq qeyd etmək lazımdır ki, Naxçıvan və Qarabağ bölgələrinin hər cür tarixi-mədəni turizm ehtiyatları Qərbi Zəngəzurun ərazisində qalmış mədəni sərvətlərimizin elementlərini də özündə yaşadan unikal nümunələrə sahibdir.
Şübhəsiz, bu iki bölgəmizin turizm baxımından bir-birinə reinteqrasiyası üçün hər cür imkanların və ilkin şərtlərin mövcud olmasına baxmayaraq, otuz ilə yaxın bir müddətdə işğal altında qalaraq tamamilə dağıdılmış Qarabağın mövcud durumu və onun bu müddət ərzində blokadaya alınmış Naxçıvanla birbaşa quru əlaqələrinin olmaması kimi mənfi faktorları da qeyd etmək lazımdır.
Naxçıvan və Qarabağ bölgələrinin turizm reinteqrasiyasında gələcəkdə turizm marşrutlarının yaranması və onların nə dərəcədə populyarlıq qazanması və təkcə yerli deyil, həm də beynəlxalq marşrutlar kimi əhəmiyyət qazanmasını düşünməkdə fayda vardır. Belə ki, hazırda Naxçıvanda 6 əsas, 10-dan artıq əlavə yerli turizm marşrutu vardır. Bu marşrutların əksəriyyəti ölkəmizin müstəqillik illərində formalaşmış və hazırda Naxçıvana gələn yerli və əcnəbi turistlər tərəfindən seçilərək istifadə olunur. İndi Naxçıvanın 4 giriş qapısından (Naxçıvan Beynəlxalq Hava Limanı, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri) daxil olan turistlər səyahətlərini tamamladıqdan sonra normal şərtlərdə müddət və məqsədlərinə görə ya gəldikləri marşrutla geri qayıda, ya da digər istiqamətdə davam edə bilirlər. Burada gələcəkdə Zəngəzur koridorunun açılması ilə yaranacaq yeni imkanları nəzərə alsaq, artıq Naxçıvandan bir neçə saatlıq quru yol ilə turistlərin Zəngilan və ya Füzuli Beynəlxalq Hava limanlarına qədər çatması, yaxud buradan Qarabağın yeni açılacaq turizm marşrutlarına inteqrasiyası mümkün olacaqdır.
Gələcəkdə Qarabağda turizmin inkişafı üçün mövcud perspektivlərə nəzər saldıqda, görürük ki, keçmişdə Qarabağ turizm bölgəsində mövcud olmuş, əsasən, ənənəvi kurort-sanatoriya, ekoturizm və tanışlıq turizmi növləri ilə yanaşı, hazırda bir sıra yeni turizm növlərinin də tətbiqinə imkanlar yaranmışdır. Bu, dünya üzrə turistlərin yeni tələbatlarının yaranması ilə yanaşı, Qarabağın işğaldan azad olunmasından sonra yaranmış yeni vəziyyətlə də əlaqədardır. Belə ki, Qarabağın unikal təbiət imkanları burada passiv kurort turizmindən başqa, dağ yürüşləri, fotoovçuluq, raftinq, ekstrim kimi aktiv turizm növlərinin də inkişafına şərait yaradır. Qarabağda yaradılacaq olan smart yaşayış kompleksləri və Füzuli, Zəngilan Beynəlxalq Hava limanları ilə birlikdə nəqliyyat kommunikasiya şəbəkəsi burada paytaxt Bakıya gəlmədən birbaşa olaraq daha çox ölkədən turist qəbuluna imkan yaradacaq. Dünyaya daha çox elit turist göndərən ölkələrin vətəndaşlarının Qarabağa kütləvi səfərlərinin təşkili bu baxımdan gələcək vəzifələrdəndir.
Şuşanın ölkəmizin Mədəniyyət Paytaxtı kimi mötəbər bir status qazanması gələcəkdə burada keçiriləcək festival və digər kütləvi mədəni tədbirlərin də turizm dövriyyəsinə qazandırılmasına imkan verəcəkdir. Qarşıdakı dövr Qarabağın sahib olduğu tarixi-mədəni zənginliklərin onun əsl sahibinin öz kimliyi ilə dünyaya tanıdılması, həmçinin dağıdılmış sərvətlərimizə və istifadə olunmayan imkanlara görə Ermənistanın ödəməli olduğu təzminat baxımından əhəmiyyətli bir dövr olacaq. Söhbət uzun illər ərzində xain qonşularımızın saxta təbliğatla az qala bütün dünyaya yaya bildikləri yalanlarının, revanşizm xəyallarının ifşa olunması və mədəni dünyanın əsl gerçəkliklərlə tanış olmasından gedir.
Qarşıdakı dövrdə Qarabağda turizmin inkişafının mühüm istiqamətlərindən biri bölgənin, xüsusən də Şuşa şəhərinin bütün Türk dünyasının bir mədəniyyət mərkəzi halına gətirilməklə cazibəsinin daha da artırılması olacaqdır. Qardaş Türkiyədən qardaş Qırğızıstana qədər hazırkı durumda bütün Türkdilli ölkələrin ən güclü ittifaqlara malik olmasında, şübhəsiz, ölkəmizin Qarabağ Zəfərinin düşərli olmasını bu gün açıqca görməkdəyik. Bütün bunların fonunda hələ 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan Sammitinin nə qədər əhəmiyyət daşıdığını, burada daha da möhkəmlənən mənəvi qardaşlıq bağlarının nə qədər sağlam olduğunu bir daha görməkdəyik.
Və şübhəsiz ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması və onun tranzit imkanlarının genişləndirilməsi ilə Qarabağın turizm potensialının təkcə Naxçıvanla deyil, eləcə də bütün Türk dünyası ilə reinteqrasiyası da sözügedən məsələ kimi uzun müddət gündəmdə qalacaqdır. Bütün bunların gerçəkləşməsi ilə ölkəmizin turizm bazarında yeni bir potensial yaranacaq, yeni turizm marşrutları və yeni turizm növlərinin tətbiqi mümkün olacaq, təbii ehtiyatların mühafizə olunması və bu sahədə dayanıqlılıq prinsiplərinə əməl olunmasına əlverişli şərait formalaşacaq.
Məsələnin geostrateji əhəmiyyətinə baxdıqda isə görürük ki, yaranacaq turizm əlaqələri gələcəkdə Zəngəzur dəhlizi üzərində ola biləcək təzyiqləri minimumlaşdırmaqla, hərtərəfli əməkdaşlıq perspektivlərinin artmasına da töhfə verəcəkdir. Qarabağın turizm potensialından istifadə, onun Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla sıx turizm əlaqələrinin formalaşması nəticəsində yaranan humanitar iqlim isə UNESCO kimi bu sahə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların ölkəmizə marağının daha da artmasına və onların ikili standartlardan əl çəkib ölkəmizə qarşı daha ədalətli münasibət göstərməsinə səbəb olacaqdır.
Əli Cabbarov
"Şərq qapısı" qəzeti