Bu gün Xalq artisti Əbülfət Əliyevin adana olmasından 96 il ötür

A- A A+

Azərbaycan musiqi tarixində öz dəst-xətti, həzin və məlahətli səsi, zəngin repertuarı ilə fərqlənən, xalqımızın əbədi məhəbbətini qazanmış muğam ifaçılarından biri də respublikamızın Xalq artisti Əbülfət Əliyev idi. Əbülfət Əliyev özünəxas məlahətli, xoş tembrli, rəvan, axıcı səsi, novator yaradıcılıq üslubu olan sənətkardan olub. Onun ifa tərzinə incə lirizm, emosionallıq, səlis və orijinal üslub xasdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün unudulmaz sənətkarın anadan olmasından 96 il ötür.

1926-cı il dekabrın 30-da Şuşa şəhərində dünyaya göz açan Ə. Əliyevin uşaqlıq illəri Cıdır düzü, Bazarbaşı məkanlarında təşkil olunan məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb. Sonradan Bakıya gələrək Azərbaycan Dövlət Filarmoniyasının solisti olub və o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verib. Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.

1957-ci ildə ilk dəfə Opera və Balet Teatrının səhnəsinə çıxan Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.

Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

Görkəmli xanəndə xüsusilə “Rast”, “Şur”, “Zabul”, “Humayun”, “Çahargah”, “Rahab” və s. muğamları, təsnif və mahnıların arasında milli vokal sənətinə məxsus müxtəlif vasitələrdən - guşələrdən, zəngulələrdən, xallardan və s. məharətlə istifadə edib. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnısı vardı. O, həm də bəstəkar idi, bir neçə təsnif və mahnının müəllifi idi . Çox sevilən “Tel oynasın”, “Aşiqəm”, “Xal yanağında”, “Ay qaşı, gözü qara qız”, “Ay qız” və s. mahnılar onun bəstələridir.

Əbülfət Əliyev 1990-cı il dekabrın 27-də vəfat edib və Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: