Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Ukraynada milli mətbəximiz təqdim olunub - FOTOLAR
Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində ölkəmizin zəngin milli mətbəxi nümayiş etdirilib.
NUHÇIXAN xəbər verir ki, xarici ölkələrin Ukraynadakı səfirlərinin, İvano-Frankovsk şəhər administrasiyasının rəhbərliyinin və yerli media və şəhər sakinlərinin iştirak etdiyi təqdimatda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkəmizin zəngin mətbəxi barədə məlumat verib. Səfirin sözlərinə görə, Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur.
“Azərbaycan xörəkləri daha çox Şərq mətbəxinə yaxındır”, - deyə A.Xudiyev əlavə edib.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə geniş məlumat verən diplomat vurğulayıb ki, bu, Şərqdə ilk demokratik respublika olub. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.
Yerli sakinlərin və qonaqların rəğbətlə qarşıladığı təqdimatda Azərbaycanın milli mətbəx nümunələri olan dolma, plov, qutab, paxlava və digər məhsullar təqdim olunub.
Təqdimat zamanı Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən “Qafqaz” ansamblının çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.