Naxçıvan Dövlət Xalça Muzeyinin fəaliyyətə başlamasından 25 il ötür - FOTOLAR
Müstəqillik illərində Naxçıvanda yaradılan ilk muzeylərdən biri olan Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin fəaliyyətə başlamasından 25 il ötür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Təşkilatçılığı ilə bu münasibətlə tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi dəstək göstərilib. 1999-cu ildə ulu öndərin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar diyarımıza səfəri zamanı muzeydə olması təkcə muzeyin tarixində deyil, Naxçıvan mədəniyyət tarixində ən əlamətdar hadisələrdən biridir.
Bu gün qədim xalçaçılıq sənətinin qorunub inkişaf etdirilməsi məqsədilə görülən işlərdən danışan mədəniyyət naziri vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi müvafiq hüquqi aktlara əsasən “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərxalça” ASC yaradılıb, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilib, Azərbaycan Milli Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina, bölgələrdə yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri inşa edilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva xalçaların incəsənətimizdəki rolundan danışıb, xalçalarımızda əks olunan zərif və nəfis naxışların, rənglərin, ornomentlərin tarixi keçmişimizdən gələn namələr olduğunu bildirib. “Bu gün Avropa və rus rəssamlarının əsərlərində, miniatürlərində Azərbaycan xalçalarının izlərini görmək mümkündür, onlar Azərbaycan xalçaçılıq sənətinə, xalçaların sirrinə heyran olurlar. Azərbaycan xalçaları dünyanın bir çox məşhur muzeylərində sərgilənir”, - deyən Ülviyyə Həmzəyeva Lətif Kərimov, Kamil Əliyev kimi xalçaçı rəssamların bu qədim sənətin inkişafındakı xidmətlərinə diqqət çəkib.
Muzeyin direktoru Ülviyyə Məmmədova muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1998-ci il tarixli qərarı ilə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2022-ci ilin avqust ayından Xalq rəssamı Kamil Əliyevin adını daşıyır. Milli mədəniyyət nümunələrinin öyrənilməsi və təbliği cəhətdən mühüm əhəmiyyət kəsb edən muzeydə 3 mindən artıq eksponat mühafizə olunur. Bunlardan 400-dən çoxu ekspozisiyada sərgilənir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində muxtar respublika ərazisində olan bu qədim el sənəti nümunələrinin reyestri sistemi yaradılıb və bu günədək 668 xalça reyestrə daxil edilib.
Sonra “Azərbaycan xalçaları” filminə və muğam üçlüyünün ifasına baxış olub.
Adilə Səfərova