“Tariximizin qəhrəmanlıq salnaməsi” mövzusunda sərgi açılıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin qəhrəmanlıq salnaməsi” mövzusunda sərgi açılıb.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxışında Qanlı Yanvar hadisələrindən əsaslı nümunələr gətirərək tarixi hadisələrin dəhşətlərindən söz açıb. Ülviyyə Həmzəyeva qədim dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının öz müstəqilliyi və dövlət müqəddəratı uğrunda tarix boyu çox dəhşətlərlə üzləşdiyini və 20 Yanvar hadisələrinin də bu faciələrdən biri olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov, sənətşünas Nizami Alıyev, Tapdıq Həmzəyev və Əməkdar rəssam Həbibə Allahverdiyeva bildiriblər ki, 20 Yanvara həsr olunmuş sənət əsərlərində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.

Sonra sərgiyə baxış olub. Qeyd olunub ki, sərgidə 12 rəssamın  plakat, portret və digər janrlarda işlədiyi 36 əsəri nümayiş olunur. Əsasən yağlı boya ilə işlənmiş əsərlərdə torpaqlarımızın bütövlüyü, dövlətimizin müstəqilliyi və istiqlalımız uğrunda mübarizəyə qalxaraq şəhid olmuş Vətən övladlarının tariximizə şərəf gətirmiş misilsiz qəhrəmanlığı inandırıcı boyalarla əks etdirilib.

Sərgi bir həftə davam etdiriləcək.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: