Musiqi Kollecinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə baş tutan müsabiqənin test mərhələsindən sonrakı müsahibə mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu mərhələdə Mərkəzin 1 nümayəndəsi, 1 müstəqil ekspert və Naxçıvan Dövlət Universitetinin 1 nümayəndəsi olmaqla 3 nəfərdən ibarət müsahibə komissiyası yaradılıb.
Müsahibə komissiya tərəfindən verilən sualları namizədlərin cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, komissiya üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilib.
Test mərhələsində uğur qazanan 30 namizədin iştirakı ilə nəzərdə tutulan müsahibədə 27 namizəd iştirak edib.
24 namizəd müsahibə mərhələsində uğur qazanıb.
Qeyd edək ki, 102 vakant vəzifənin çıxarıldığı müsabiqəyə 37 namizəd müraciət edib.