“Qafqazın İsveçrəsinə səyahət” kitabı təqdim olunub - FOTOLAR
Naxçıvanda “Qafqazın İsveçrəsinə səyahət” turizm bələdçisi kitabının təqdimatı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təqdimatda çıxış edənlər turizm üzrə təcrübəli mütəxəssis Natiq Paşayevin müəllifi olduğu “Qafqazın İsveçrəsinə səyahət" kitabını Naxçıvan turizminin sistemli şəkildə təbliğində ilk nəşr kimi dəyərləndiriblər. Nəfis tərtibatda nəşr olunan və özünəməxsus dizaynı ilə diqqəti cəlb edən kitab diyarımıza səfər edən səyahətçilər üçün bələdçi rolunu oynayır.
Kitabda Naxçıvanın unikal təbiət gözəllikləri və müalicə-sağlamlıq məkanları ilə yanaşı, "Qafqazın Machu Picchusu" adlandırılan Əlincəqala, Türk - İslam memarlığının nümunəsi olan Qarabağlar türbəsi, Nuh türbəsi, Möminə Xatın məqbərəsi, quruluşu və tikiliş üslubu ilə unikallıq təşkil edən digər abidələrimiz, məqbərələr, türbələr, qalalar və muzeylər haqında qısa və dolğun məlumatlar əksini tapıb.
Çıxış edənlər, kitabın turizm bələdçiliyi baxımından önəminə diqqət çəkərək xarici dildə də nəşrini tövsiyə ediblər.
Şəfa Səfərova