Nəğməkar şair ömrünün töhfələri

A- A A+

Qədim və zəngin tarixə malik olan Azərbaycan ədəbiyyatının XX əsrdə  yetirdiyi Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun kimi görkəmli söz ustalarının sırasında qədim Naxçıvan torpağının yetirməsi, nəğməkar şair və qüdrətli dramaturq İslam Səfərli də var.

Azərbaycan poeziyası tarixində özünəməxsus yer tutan həmyerlimiz İslam Səfərlinin fevral ayında anadan olmasının 100 illiyi tamam olur.

Şair 12 fevral 1923-cü il tarixində indiki Babək rayonunun Şəkərabad kəndində ziyalı ailəsində dünyaya gəlib. Atası Əhməd xan, anası Hökümə xanım əsl-nəcabətli ailədən çıxıb. İslam yeddi illik kənd məktəbini bitirdikdən sonra ailəsi ilə Naxçıvan şəhərinə Sarvanlar məhəlləsinə köçür. Gələcəyin şairi indiki 1 nömrəli məktəbdə təhsilini davam etdirir, məktəbdəki dram dərnəyinə gedir, poeziyaya maraq göstərir və 17 yaşından ədəbi yaradıcılığa başlayır. Onu da qeyd edək ki, İslam Səfərli ulu öndər Heydər Əliyevlə eyni məktəbdə oxuyub və bir-birlərinə həmişə hörmətlə yanaşıblar. Məktəbdə fəal şagirdlərdən biri kimi seçilən, əla qiymətlərlə oxuyan şair 1941-ci ildə təhsilini başa vurub, amma  müharibənin başlanması onun oxumaq arzusunu gözündə qoyub, elə müharibənin ilk ilində məhəllədəki 13 gənclə birlikdə könüllü şəkildə cəbhəyə gedib. İslam Səfərli 416-cı Taqanroq diviziyasında Berlinə qədər şanlı döyüş yolu keçib, kəşfiyyatçı kimi döyüş tapşırıqlarını şərəflə yerinə yetirib, eyni zamanda bir-birindən maraqlı poeziya nümunələri yazıb.

Ona görə şairin Vətən müharibəsindən danışan kiçik şeirlərində konkret lövhələr görürük:

Boş vaxtlarda şeir yazan,

Əldə qaşıq, dizdə qazan,

İştahayla xörək yeyən,

Tüfəng silən, nəğmə deyən,

Evlərindən məktub alan,

Saz götürən, qarmon çalan

Kimdir? Soruşsanız əgər,

Onüçlərdir, -deyərdilər (3,61).

Burada adı çəkilən 13-lərdən biri olan uşaqlıq dostunun cəbhədə həlak olması şairi sarsıdır. O, əziz dostuna həsr etdiyi “Qoşa söyüd” şeirində duyğularını bu sözlərlə ifadə edir.

                             Nakam getmiş bu cavanın

                             Nə şöhrəti, nə adı var.

                             Nə kiçik bir əsəri,

                             Nə də ki bir övladı var.

                             Onun doğma kəndimizdə

                             Təkcə ayaq izi vardır.

                             Bir də ki bu göy söyüdlər

                             Ondan bizə yadigardır.

                             Doğma kəndim, bunları sən

                             Əziz saxla öz sinəndə.

                             O gəlsə də, gəlməsə də,

                             Yadigarı durur səndə (3,65).

“Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata”, “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” şeirləri də müharibənin şairin hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranıbdır.

Müharibə başa çatdıqdan sonra İ.Səfərli doğma Naxçıvana qayıdıb, bir müddət, “Şərq qapısı” qəzetinin redaksiyasında və Naxçıvan Radio Komitəsində çalışıb, eyni zamanda “Azərbaycan gəncləri” qəzetinin bölgə müxbiri olub.       Qüdrətli bəstəkarımız Ü.Hacıbəylinin məsləhəti ilə 1946-cı ildə BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Bu illərdə bədii yaradıcılığını davam etdirən şair Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli kimi ustad sənətkarların diqqət və qayğısını hiss edib.

İlk şeirlər kitabı “Mingəçevir mahnısı” da 1950-ci ildə işıq üzü görüb. Tələbəlik illərini vəsf edən “Darülfünun şeirləri” kitabı  isə 1951-ci ildə nəşr olunub. Bu kitaba şairin “Darülfünun pillələrində”, “Yataqxana”, “Xidmətçi qadın”, “Təhsil illəri”, “Yasəmən”, “Məktəbdən həyata”, “Təzə müdir” kimi şeirləri daxil edilib. Kitabdakı tələbəlik həyatına aid silsilə şeirlər də gənc oxucuların qəlbinə yol tapıb, onların stolüstü kitabına çevrilərək dillərdə əzbər olub. Şeirlərdəki nəcib duyğular şairin müşahidələrinin, tələbə dostları ilə birlikdə keçirdiyi mənalı yataqxana həyatının rəngarəng hadisələrinin təsirindən yaranıb.

Pilətəylə isindikcə de, yataqxana,

Qazan asıb tanış qızdan duz almısanmı?

Evinizdən gətirdiyin güllü çaydana

Lənkəranın tünd çayından heç salmısanmı?

Yaxud hərdən soyuq payız gecələrindəki

Mübahisə saatınız çəkibmi üçə?

Döyüşlərdən qalib çıxmış qəhrəman təki

Rahat olub yatmısanmı, söylə o gecə? (2,108).

O, tələbə dostu Əlfi Qasımova həsr etdiyi “Təhsil illəri” şeirində tələbəlik dövründə keçirdiyi hissləri çox həssaslıqla verərək təhsil almaq üçün Bakıya – paytaxta gələn dostuyla keçirdikləri acılı-şirinli tələbə həyatını gənclik çağının xoş bir xatirəsi kimi qələmə alıb:

                             Naxçıvan çayının göy vadisində,

                             Şəkərabad kəndində doğulmuşam mən.

                             Gözəl Qarabağın bir guşəsində

                             Ey dostum, həyata göz açmısan sən.

                             Lakin öz qəlbimiz, öz əməlimiz

                             Bizi bir məsləkə bağlamış artıq,

                             Elmə doğru uçan quş xəyalımız

                             Nə gecə, nə gündüz bilmir rahatlıq (2,107).

İslam Səfərli Bakı Dövlət Universitetini bitirdikdən sonra 1951-52-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində İncəsənət şöbəsinin müdiri, 1953-59-cu illərdə Azərbaycan radio idarəsinin müxbiri, sonra ədəbi-dram şöbəsinin müdiri olub.

1959-cu ildən etibarən Azərbaycan Yazıçılar İttifaqında işə qəbul olunub və ömrünün sonuna qədər poeziya və dramaturgiya şöbəsinin müdiri olub.

1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə şair İslam Səfərli Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Görkəmli qələm ustası 51 illik qısa ömründə qiymətli sənət inciləri yaradıb.

Qeyd etmək lazımdır ki, müharibə mövzusu İslam Səfərlinin sonrakı dövr yaradıcılığında xüsusi yer tutur. Dinc quruculuq illərində qələmə aldığı “Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Qarlı bir gündə”, “Çex qızının məhəbbəti” kimi poemaları bu baxımdan diqqəti cəlb edir. Müharibə cəbhələrində qəhrəmanlıqla vuruşan və zəfərlər qazanan oğullarımızın igidliklərindən bəhs edən bu poemalar şair təxəyyülünün deyil, mübariz və qəhrəman şairin özünün keçdiyi döyüş yolunun qanlı-qadalı günlərinin, aylarının, illərinin acı xatirələridir.

Bunların içərisində sonuncu poema xüsusilə seçilir. “Çex qızının məhəbbəti” adlı lirik poemasında şair Böyük Vətən müharibəsindən əlil qayıtmış dostu, məktəb yoldaşı Əhəd Əliyev və onunla birlikdə Azərbaycana gələn çex qızı Erikanın həyatından bəhs edir.

Poemanın qəribə bir yaranma tarixçəsi vardır. Şair yay mövsümündə Böyük bağda dostları ilə gəzişərkən Əhəd Əliyevlə uzun illərin ayrılığından sonra görüşür, dostu cəbhə həyatını, başına gələn fəlakətləri, çex qızı Erikanın ona dayaq olmasını, ona könül verməsini ətraflı şəkildə İslam müəllimə nağıl edir. Müharibə qəhrəmanının başına gələn faciələr, çex qızı Erikanın məhəbbətinə sədaqəti nəğməkar şairi çox mütəəssir edir və beləliklə, “Çex qızının məhəbbəti” adlı səmimi hisslərdən yoğrulmuş mükəmməl bir bədii əsər meydana çıxır:

Yaralılar içində

Çex də var, alban da var.

Əhədin böyründəsə

Yatır yaralı bolqar.

Lakin Erika sanki

Görməyir bir kimsəni

Qəlbi Əhədi deyir:

“Səni sevirəm, səni”.

 

Keçdi beş il, on beş il,

Unudulan şey deyil-

Nə düz ilqar, nə peyman

Gözəl keçdi güzəran!.

İslam Səfərlinin bədii obrazlılığı ilə seçilən poeziyası bitkin bir vətənpərvərlik nümunəsidir. Bu baxımdan Naxçıvan mövzusunun şairin yaradıcılığında özünəməxsus yer tutması təsadüfi deyildir. Azərbaycanın ən qədim və ayrılmaz parçası olan Naxçıvan şairin doğulub boya-başa çatdığı, həyatı qədər sevdiyi bir diyardır. Məhz buna görə də şair yaradıcılığı boyu bu torpağı məhəbbətlə tərənnüm edib, neçə-neçə gözəl şeirlər ərsəyə gətirib. “Naxçıvan”, “Payız meşəsi”, “Naxçıvanım”, “Naxçıvan yadigarı”, “İki küçə, iki ad”, “Gəlin daş”, “Batabat bulağı”, “Qızlar bulağı”, “Ordubad”, “Kalba Musa çeşməsi”, “Xalxal meşəsi”, “Gəlmişəm” və s. şeirləri bu torpağa məhəbbətdən yaranıb. Şair “Batabat bulağı” şeirində yazır:

Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyirdib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

Və ya “Xalxal meşəsi” şeirində:

Vayxır çeşməsinin suları bumbuz,

Buluddan ay çıxdı, taladan ulduz,

Bir az da aşağı düşdü yolumuz,

Gəldi qulağıma quşların səsi,

A Xalxal meşəsi, Xalxal meşəsi.

Bu sətirləri ancaq bu torpaqda dünyaya gələn və torpaq qeyrəti çəkən İslam Səfərli kimi bir adam yaza bilərdi.

200-dən artıq mahnı mətni yazan şairin “Bakı, sabahın xeyir”, “Ana”, “Bir könül sındırmışam”, “Batabat bulağı”, “Pıçıldaşın, ləpələr”, “Dalğalar” və s. şeirlərinə bəstələnmiş nəğmələr bu gün də ruha qida verir, qəlbləri oxşayır.

Doğma yurdu qarış-qarış gəzən şair bu xalqın, zəhmətsevərliyinə, mübarizliyinə də heyran qalıb:                                                

                            Günlər keçir birəm-birəm,

 Bir uğurlu yol gedirəm,

 Yurdumuzu vəsf edirəm,

 Əldə qələm, dizdə varaq,

 Mənə qalan bu olacaq.

İslam Səfərli az yaşadı, amma mənalı bir şair həyatı yaşadı. Xalqın sevimlisinə çevrilən nəğməkar şair həyatının son aylarında həmişə deyərdi ki, “Mən canım qədər sevdiyim bu torpağın vurğunuyam”.

Naxçıvan torpağının, ədəbi mühitinin layiqli nümayəndəsi və yetirməsi olan görkəmli söz ustası qədirbilən xalqının qəlbində daim yaşayacaqdır.

 

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun

Baş direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: