Şərqin qapısını seyrə çıxan iki böyük sənətkar

A- A A+

Soyuq fevral ayıdır. Dünyanın soyuqluğu yaradanın karvanını dayandıra bilmir. Yola çıxıb iki vətən aşiqi, vətən vurğunu. Kimdir bu ömür yolunun piyadaları? Biri soyuq qış günündə, fevralın 7-də dünyadan gedib, digəri fevralın 12-də dünyaya gəlib. Bir il fərq ilə. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərli və Azərbaycan  ədəbiyyatının  nəğməli şairi İslam Səfərli.  

Bəhruz Kəngərli Azərbaycan rəsm sənətində yeniliklərə ilk imza atanlardandır. O, portret və mənzərə janrının inkişafına zəhmətini qatıb, Naxçıvanda teatr rəssamlığının təməlini qoyub, milli rəssamlığımızın ilk avtoportretini yaradıb, Azərbaycanda sərgi mədəniyyətinin ilk carçısı olub. Yaradıcılığında Şərq rəssamlığının ənənələrinə sadiq qalmaqla yanaşı, Qərb incəsənətinin mütərəqqi cəhətlərini də gündəmə gətirib.

İslam Səfərli adını duyduğumuz an sözlərinə bəstələnmiş əfsanə mahnıları zümzümə etməyə başlayırıq. İslam Səfərli şeirinin, sözünün sehri bizə Azərbaycanı diyar-diyar gəzdirir. Bu şeirlər ruhumuza, könlümüzə su səpir.

İslam Səfərlinin Bəhruza qarşı olan maraq və rəğbətinin kökləri uşaqlığına dayanırdı. Uşaqlıqdan ətrafındakılardan Bəhruz haqqında çox eşidirdi. İslam Səfərlinin Bəhruz Kəngərli ilə həm ata, həm ana tərəfdən Kəngərlilər nəslinin şəcərə qollarına dayanan bir simsarlıqları da var idi. Beləliklə, İslam Səfərlinin Bəhruz Kəngərliyə hörmət və rəğbətindən doğan “Naxçıvan Yadigarı” adlı mənzərə albomlarının müəllifi Bəhruz Kəngərliyə” qeydi ilə başlayan “Naxçıvan Yadigarı” adlı şeiri ərsəyə gəlir.

Bəhruz Kəngərlinin yaradıcılığında rəssamın özünün tərtib etdiyi “Naxçıvan yadigarı” albomu diqqət çəkir. Bu albomların sayı dəqiq bilinmir. Tədqiqatçılar Ziyadxan Əliyev və Nizami Alıyev Bəhruz bəyin bu albomları həm qazanc əldə etmək, həm də yerli əhalini maarifləndirmək məqsədilə tərtib etdiyini qeyd edirlər. Albomda rəssamın müasirlərinin portretləri, həmçinin Naxçıvan mənzərələri yer alıb. Bəhruz Kəngərli Naxçıvanı həm tərənnüm edir, həm də tanıdırdı. Naxçıvanın təbiətini, tarix və  mədəniyyət abidələrini kağız və kətan üzərinə köçürüb gələcəyə yadigar qoyurdu. Alboma verdiyi ad belə rəssamın qarşısına qoyduğu missiyanı açıqlayırdı: “Naxçıvan yadigarı”. Əsərlər bizi Naxçıvanı gəzdirir: “Atabəy məqbərəsi”, “Atababa günbəzi”, “İmamzadə”,  “Şəhər məscidi”,  “Qızlar bulağı”,  “İlandağ” .

Bu iki insanı, vətən aşiqini sənət, yurd sevgisi, yaratmaq eşqi birləşdirir.

İslam Səfərli şeirlərinin hər misrası onun Bəhruz Kəngərlinin yaradıcılığını yaxından izlədiyini hiss elətdirir. İslam Səfərli sətir-sətir, misra-misra oxucusuna Bəhruz Kəngərlini sevdirir, tanıdır. Şair sanki rəssamın əsərlərinin sərgisini təşkil edir. Şeiri oxuduqca özünü Bəhruz bəyin sərgisində hiss edirsən.

Şair qarış-qarış gəzir ana yurdunu. Durna dilə gəlir, gül dilə gəlir, qartal dilə gəlir, dağ dilə gəlir. Qayalar dil açır, Bəhruzdan danışır, qovaq ağacı, qələmə dil açır, Bəhruzdan danışır. Nə gözəl vəsf edib şair rəssamı. Biri həzin ruhlu  şair, digəri qəlbi kövrək, bəzən  ürkək, gah utancaq, gah da ötkəm, uzaqgörən rəssam. Biri Vətən mülkünün gözəlliyini,  əzəmətini, tarixini rənglərlə canlandırır, digəri dağın çınqılından, gölün suyundan,  yarpağın damarından  söz toxuyur:   

Bir şeir tablosu yaradım deyə,

Düzdə gülə baxdım, döşdə laləyə.

Durna gölü gəzdi, qartal zirvəni,

Duman göy düzlərin oldu yelkəni.

Dağdan uçqun qopdu, güldü dərələr,

Hürküb yuxusundan oyandı səhər.

Kəklik daşa səkdi, qırqovul kola,

Dindi qoşalüləm,  yüyürdü tula...

Yarğandan quş qalxdı, çaylaqdan sona,

Çöllərin qurd-quşu yatdı yovşana.

Ovçu hənirtisi, çöl  sükunəti

Yaratdı qəlbimdə bu şeiriyyəti.

Çatıb buz bulağa ayaq saxladım.

Könül dəftərimi mən varaqladım.

Qayalar dil açıb dedi: -Yazma, gəl,

Bu sözlər heç kəsin gəlməz karına.

Bəhruz hüsnümüzü səndən də əvvəl

Çəkmişdir  “Naxçıvan yadigarına”

Şair şeir boyunca rəssama heyranlığını göstərir, hara baxırsa, ora rəssamın fırçasının toxunduğunu görür.  

Fikrimi cəzb etdi “Bulud parçası,

Onu da Bəhruzun çəkmiş fırçası”

 Üzünü  hara çevirirsə,  nəyi sevmək istəyirsə səs gəlir:  

Səs gəldi: -Şairim, inadı burax,

Əbəs mizrab vurma könül tarına

Bəhruz hüsnümüzü səndən də qabaq

Çəkmişdir “Naxçıvan yadigarına”

Şairin hər sətrində rəssamın bir əsəri var. “Atabəy məqbərəsi”, “Əliabad yolu”,  “Edilağa gölü” əsərləri sətirlərdən boylanır. Bəli, Bəhruz Kəngərli Naxçıvanın ruhunu əsərlərində əbədiləşdirirdi. Dağları oxşayırdı, dərələri əzizləyirdi. Yarpaq belə dilə gəlirdi onun nəğmələrində. Bəhruz Kəngərlinin yaradıcılığında təbiətin nəfəsi var. Onun əsərlərindən şəlalənin səsi gəlir. Əgər qulaq versəniz, küləyin səsini də eşidərsiniz. Qovaq ağacının ətrini də duyarsınız. Yaradıcı insan belədir, o, təbiət qoxar... Onun əsərlərində tarixin iğtişamını hiss edərsən! Onun əsərlərində gah qadın gözəlliyinin sehrinə dalarsan, gah  tarixin sirli döngələrində vuruşmaq eşqilə çağlayar könlün. Gah da qəm dəryasına  batarsan... Amma ən əsası odur ki, o qoxunu alarsan- Vətənin daşının, çınqılının, ağacının, çiçəyinin, otunun qoxusunu... Bəhruz Kəngərlinin yaratdığı hər bir əsər təkcə adi bir mənzərə, bir insan portreti deyil, bötüv bir xalqın mədəniyyətinin mənzərəsidir.  

Bəhruz Kəngərlinin 1914-cü ildə çəkdiyi “Naxçıvan toyu” rəsm əsəri milli adət-ənənələrin qorunub yaşadılması baxımından olduqca dəyərli bir əsərdir. Bu etnoqrafik əsərdə milli kolorit, Azərbaycan xalqının, xüsusilə Naxçıvan zonasının XX əsrin əvvəllərinə aid geyim mədəniyyəti, qədim musiqi alətləri, otağın quruluşu, otaqdakı əşyalar, yerə döşənmiş xalçaların üzərindəki naxışlar belə ustalıqla təsvir olunub. “Naxçıvan toyu” əsəri Bəhruz bəy Kəngərlinin yaradıcılığında coxfiqurlu yeganə kompozisiya olmaqla bərabər,  həm də sulu boya ilə işlənmiş ən böyük formatlı əsəridir.

İslam Səfərli şeirində Bəhruz Kəngərlinin bu əsərini bizə belə təqdim edir:

Bir “Toy” mağarına düşdü güzarım,

Dedim, qoy məclisə salam aparım.

Gəlib bardaş qurub mübarək, - dedim.

Bu gün sizdən yazam mən gərək,- dedim.

Toyun ağbirçəyi çıxdı qarşıma,

Xınalı əlini çəkdi başıma:

-Yaxşı ki, gəzirsən Vətən mülkünü,

Oğlum, əhsən sənin düz ilqarına.

Ancaq Bəhruz elin toy-düyününü

Çəkmişdir  “Naxçıvan yadigarına ”.

Şair  şeiri ilə rəssama olan məftunluğunu oxucu önünə  o qədər gözəl  sərir ki,  bir daha vuruluruq  Bəhruza. Heyran qalırıq  ona, həsəd aparırıq. Bəhruz kimi  sevmək istəyirik məmləkətin hər qarışını. Sinəmiz dağa dönür, ruhumuz Naxçıvanı gəzmək  istəyir.

İslam Səfərli rəssamın yaradıcılığında dönə-dönə müraciət etdiyi dağlardan gül toplayır,  rəssamın məzarını ziyarət edir:  

Bu böyük rəssamın məzarına mən

Bir əklil apardım dağ güllərindən.

Şeirin dili olduqca axıcı, şairin hissləri səmimi və təbiidir. Şair içdən gələn sevgisini şeirinə yansıdıb. İslam Səfərli böyük ürək sahibi şair idi. “Bir könül sındırmağa qıymayan” şair könüllərdə yüzlərlə şeiri ilə taxt qurmağı bacarıb. Bəhruz Kəngərli yaradıcılığından ilham alan İslam Səfərli “dünyada hər yerdən xoş gəlir mənə” dediyi Şərqin qapısını Bəhruz Kəngərlitək seyrə çıxmağı qarşısına məqsəd qoyub, bu şərəfli  məqsədə ən ali dərəcədə nail olaraq Naxçıvanı, Azərbaycanı sətirlərinə köçürüb. İslam Səfərli andına sadiq qalaraq öz “Naxçıvan yadigarı”na Azərbaycan ədəbiyyatının inciləri sayılan neçə-neçə dəyərli şeirlər gətirib.

-Şair, böyük sənət qalır dünyada.

Hər yarpaq başına tutduqca çətir,

Vurul Vurğun kimi öz diyarına,

Bəhruz Kəngərlitək lövhələr gətir

Sən də öz “Naxçıvan yadigarına”.

 

 

Səbinə Əlincəli

Bəhruz Kəngərli Muzeyinin direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: