Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festivallarının mükafatçısı Ramiz Novruz vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.
Allah rəhmət eləsin!