19-cu əsrin tanınmış maarifpərvər ziyalısı və pedaqoqu Məmməd Tağı Sidqinin oxuduğu Mədrəsə XVIII əsdə Nadir şahın göstərişi ilə Ordubad şəhərinin mərkəzində qədim Şərq üslubunda inşa edilib. Həmin Mədrəsə binası indiyə qədər də qalmaqdadır. Onun fasadındakı kaşı üzərində yazılmış yazılardan bəlli olur ki, hicri 1126, miladi 1724-cü ildə Ordubadda çoxlu savadlı adamların mövcudluğu, xüsusilə də ordubadlı Məhəmməd İbrahimin tanınmış alim olması Nadir şahın diqqətini çəkmiş və burada dövlət üçün zabit kadrları hazırlayan Mədrəsə tikdirilmişdir. Məktəb 2 mərtəbədən ibarət idi və onun həyətində yeraltı hamam da olub. Bu hamam sonralar uçub dağıldığı üçün yerində yeni binalar tikilib. Bu hamam barəsində isə I Şah Abbasın fərmanında qeyd edilib və məlumat verilib. Sözügedən Mədrəsə Ordubad Rusiyanın tərkibinə daxil edildikdən sonra öz fəaliyyətini təsərrüfat hesabı ilə saxlayıb, məktəbdə dini və təbiət elmlərinin öyrədilməsi işi həyata keçirilib. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi də Ordubad Mədrəsəsində təhsil alıb, ərəb-fars dillərini, Şərq ədəbiyyatını, tarixini və İslam dinini öyrənib. Sidqi bir müddət İranda təhsilini təkmilləşdirmək üçün Təbrizdə yaşaysa da sonra Ordubada qayıtmış həmyerlilərinin də maliyyə köməyi ilə yeni tipli “Əxtər”, (“Ulduz”) məktəbini bu Mədrəsədə açaraq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub. Burada dərslər yüksək səviyyədə keçirildiyindən məzunları da savadlı, bacarıqlı və dünyagörüşlü olurdu. Belə məzunlardanTürkiyədə Azərbaycanın səfiri olmuş görkəmli diplomat İbrahim Əbilovu, tarixi roman janrının əsasını qoyan Məmməd Səid Ordubadini misal göstərmək olar. Lakin Ordubadda əsrin sonunda yayılan vəba və taun xəstəliyi Sidqinin təşkil etdiyi məktəbin fəaliyyətində bir sıra çətinliklər törədir. Müəllimlərin bir neçəsi xəstəliyə düçar olub vəfat edirlər. Tək qalan M.T.Sidqi dəvət aldığı Naxçıvan şəhərinə üz tutur və burada “Məktəbi tərbiyə”ni açır. Bu məktəbdə də bir çox alimlərin, şairlərin yetişməsində M.T.Sidqinin böyük rolu olur. Belə insanlardan biri də Hüseyn Cavid idi. Hüseyn Cavid bu məktəb və müəllimi barəsində özünün xatirələrində xüsusi olaraq qeyd edir. Hüseyn Cavid onun bir ədib kimi yetişməsində Sidqinin xüsusi xidmətləri olduğunu dəfələrlə qeyd edib. Şair xatirələrində M.T.Sidqinin gözəl insan, pedaqoq olmasını, millətə çoxlu fayda verdiyini dönə-dönə vurğulayıb.
Məhəmməd Tağı Sidqiyə ən yüksək dəyəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri verib. 2015-ci ildə görkəmli pedaqoqun Ordubad şəhərində iki mərtəbəli ev-muzeyi yaradılıb, onun yubileyləri muxtar respublikamızda təntənəli surətdə qeyd edilib.
Cabir Cabbarov, şərqşünas
“El həyatı” qəzeti