Şərurun yeni arxeoloji tapıntıları

A- A A+

Şərur ərazisində tariximizin qədim dövrünə, o cümlədən Son Tunc və Erkən Dəmir (e.ə. II minilliyin sonu-I minilliyin birinci yarısı) dövrünə aid kifayət qədər arxeoloji abidələr mövcuddur. Bu abidələr sırasına Zeyvə, Aşağı Daşarx, Tənənəm (Qaraquş), Maxta (Qarabulaq) kəndlərində olan torpaq və daş qutu qəbirlər Şortəpə (İbadulla), Xələc dağı (Xələc) qədim yaşayış yerlərinin Son Tunc və Erkən Dəmir dövrü təbəqələrinə daxildir. Bu abidələrdən çoxlu sayda milli-mədəniyyət nümunələri toplanıb.

Rayon ərazisində Son Tunc və Erkən Dəmir dövrünə aid yeni tapıntılar isə Dəmirçi kənd ərazisində, Vəli dağı ətrafında torpaq işləri görülərkən aşkar edilib. Təəssüf ki, aşkara çıxmış qəbirlər dağıdılib və oradan çıxan çoxlu sayda məişət avadanlıqları, o cümlədən gil qablar məhv edilib. Yalnız həmin tapıntıların cüzi bir hissəsi əlimizə gəlib çatıb.

Əldə olunmuş tapıntılar iri həcmli bir ədəd badya, iki ədəd küpə və bir ədəd tunc nizə ucluğundan ibarətdir. Hündürlüyü 30 santimetr, ağzının diametri 25 santimetr, oturacağının diametri isə 16 santimetr olan badyanın boğazla gövdəni birləşdirən hissəsində dördkünc formalı çıxıntılı qulpu vardır.

Gövdəsinə  çərtmə üsulla üçkünc formalı naxışlar çəkilərək oturacağında kiçik deşik açılıb. Bu tipli badyalar aşağı Daşarx və Zeyvə kəndləri ərazisində olan torpaq qəbirlərdən də aşkar edilib. Bu, qədim insanların axirət dünyasına olan inamını təsdiqləyir.

Vəli dağı ətrafındakı qəbirlərdən aşkara çıxarılan iki ədəd küpə formaca müxtəlif olsa da, ölçüləri təxminən eynidir. Hər iki küpənin hündürlüyü 17 santimetr, ağzının diametri 10-12 santimetr, oturacağının diametri isə 8-10 santimetrdir. Küpələrin boğaz və gövdə hissəsinə cızma üsulla dairəvi xətlər çəkilib.

Erkən Dəmir dövrünə xas olan bu tipli gil qablar əsasən qara-qonur və tünd boz rənglidir. Qeyd etmək lazımdır ki, o dövrlərdə gil qabların hazırlanmasında ayaqla hərəkətə gətirilən dulusçulüq çarxlarından istifadə olunub. Bişirilməsindən asılı olaraq, o dövrdə gil qablar açıq-qonur, qara-qonur və tünd-boz rənglə boyanırdı.

Vəli dağı tapıntılarından biri də tuncdan hazırlanmış nazik tiyəli bir ədəd nizə ucluğudur. Uzunluğu 34,5 santimetr olan bu nizə ucluğunun ağaca keçirilməsi üçün tıxacı vardır.  Bu cür tıxaclı künc nizə ucluqları Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü qəbir abidələrindən, o cümlədən Culfa, Qızılburun, Çalxanqala (Babək rayonu), Gavurqala (Şahtaxtı), Qaraquş (Tənənəm kəndi) qəbir abidələrindən də aşkar edilib. Dəmirçi kəndi ərazisindən aşkara çıxarılan tapıntıların bir hissəsi muzeydə nümayiş olunur.

Vəli dağı ətrafındakı qəbirlərdən toplanan  arxeoloji tapıntılara əsasən, həmin ərazidə Son Tunc və Erkən Dəmir dövrünə aid yaşayış yerinin mövcud olduğunu söyləmək olar. Çünki bu dövrlərdə qədim sakinlər dünyasını dəyişənləri yaşadıqları ərazidən xeyli kənarda dəfn edirdilər.

Dəmirçi tapıntıları da tariximizin Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti ilə sıx bağlı olub, böyük elmi əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən bir vacib məsələni də qeyd etmək istəyirəm: təsərrüfat və ya torpaq işləri görülərkən qədim yaşayış yerlərinin izləri, o cümlədən qəbir abidələri aşkar edilərsə, yaxşı olar ki, oradan çıxan arxeoloji tapıntılar toplanılaraq rayon Mədəniyyət Şöbəsinə və ya Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilsin. Unutmayaq ki, hər bir arxeoloji abidə qədim tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

                        Allahverdi Əsgərli,

                        Tarix müəllimi

                                 “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: