Naxçıvanda yeni alpinizm turizm marşrutları yaradılacaq - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda yeni alpinizm turizm marşrutları hazırlanacaq. Bu barədə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində 3 Mart - Ümumdünya Vəhşi Təbiət Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib.
Turizm sənayesi nümayəndələri və turizm könüllülərinin iştirakı ilə keçirilən tədbirdə departamentin direktoru Əkbər Novruzov bildirib ki, bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir. Qeyd olunub ki, Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı ilə birlikdə muxtar respublikanın Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarında olub, təbiət ərazilərinə baxış keçirilib və dağ cığırları üçün uyğun olan yerlər qiymətləndirilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin İnkişafı və Təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov bildirib ki, xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Buraya 2 yasaqlıq - Arazboyu Dövlət Təbiət Yasaqlığı, Arpaçay Dövlət Təbiət Yasaqlığı və milli park - Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı daxildir.
Tədbirin davamında Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov bildirib ki, qiymətləndirməyə əsasən ilkin olaraq 5 turizm marşrutu Kükü-Gurbulaq şəlaləsi, Kükü-Qanlıgöl, Zorbulaq-Batabat, Parağaçay-Ağdərə-Tivi və Pəzməri şəlaləsi müəyyən edilib.
Müəyyənləşdirilən dağ cığırları əsasında piyada marşrutları xəritə üzərində təqdim edilib və hər bir marşrut barədə geniş məlumat verilib.
Tədbirdə yeni alpinizm turizm marşrutlarının yaradılması və həmin marşrutların işlənib hazırlanması müzakirə olunub.
Xosrov İbrahimov