Küveytin rəsmi KUNA agentliyinin saytında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu haqqında fotoreportaj yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, agentliyin müxbiri Məryəm Əl-Zankinin müəllifi olduğu “Yanardağ – Azərbaycanın min illərdir sönməyən məşəli” sərlövhəli materialda bu əsrarəngiz və sirli məkanın hələ 800 il əvvəl məşhur səyahətçi Marko Polonun diqqətini cəlb etdiyi, məhz Yanardağ sayəsində Azərbaycanın “Odlar yurdu” kimi tanındığı qeyd olunub.
Bu ərazidə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, bu mistik məkan Bakıya gələn əcnəbi turistləri cəlb edir. O əlavə edib ki, qədim məxəzlər və kitablarda eramızdan əvvəlki dövrdə bir çox tayfa və qəbilələrin məskunlaşdığı bu yerlərdə zərdüştlüyün çiçəklənməsinin müşahidə olunduğu göstərilib. Bu amil atəşpərəstləri Yanardağda məbəd tikməyə sövq edib. Atəş bu gün də Azərbaycan xalqının mübarizə, azadlıq uğrunda mübarizə aparan şəhidlərin xatirəsini əbədiləşdirən bir rəmzidir. Qədim insanlar yağışa, küləyə, hətta qara rəğmən sönməyən bu atəşə səcdə edirdilər və alovun sehrli gücünə inanırdılar. Qayaların arasındakı alovların təbii qaz mənşəli olduğu bilinsə də, onun təzyiqinin sirrini açmaq üçün elmi tədqiqatlara ehtiyac duyulur.
Sonda Azərbaycana səyahət edən küveytli turistlərə “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət etmək tövsiyə olunub.