Vətən müharibəsi haqqında yeni film - FOTOLAR
Vətən müharibəsi şəhidlərimizin anım günü münasibətilə “Mən burdayam, İlahi!” adlı yeni filmin çəkilişləri başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə filmin rejissoru Qulu Əsgərov məlumat verib.
Filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi-psixoloji zərbələrdir. Süjetdə ağır döyüş səhnələrindən daha çox müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön planda çəkilir. Hazırda çəkilişləri davam edən ekran işinin aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alır. “Cineart” şirkətinin istehsalı olacaq filmin əsas kadrları Bakıda lentə alınır.
Qeyd edək ki, filmin texniki dəstəyi Ultra production tərəfindən göstərilir. “Mən burdayam, İlahi!” filmi sentyabr ayının sonunda tamaşaçıların ixtiyarına veriləcək. Filmin ssenari müəllifi Nicat Dadaşov, təsviri rejissoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur.
Xatırladaq ki, filmin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operatoru Vasif Vəlizadə, baş rol ifaçısı Rasim Cəfər Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləridir.
Qeyd edək ki, filmin yaradıcı heyətinin bundan əvvəl istehsal etdiyi “Hasar” filmi 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasına layiq görülüb.