Naxçıvanda Milli Teatrın yaradılmasının 150 illiyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 10 Mart - Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Görkəmli şair-dramaturq Hüseyn Cavidin “Topal Teymur” tamaşası nümayiş olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan teatrının tarixi və zəngin inkişaf yolu barədə məlumat verib, Milli Teatr Günü münasibətilə teatrsevərləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2023-cü il tarixli Sərəncamı ilə bu il Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illik yubileyi ölkə səviyyəsində qeyd edilir. 2023-cü il həm də Naxçıvan teatrının yaradılmasının 140 illik yubileyi ilə əlamətdardır.
Vurğulanıb ki, Naxçıvanda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı klassik və çağdaş dramaturgiyanın dəyərli nümunələri, dünya klassiklərinin əsərləri əsasında hazırlanan tamaşaları səhnəyə qoymaqla izləyicilərin mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.
Natəvan Qədimova Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq teatrların “Heydər Əliyev İli” çərçivəsində planlaşdırılan fəaliyyətini də diqqətə çatdırıb, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Aqşin Babayevin “Xilaskar” əsəri əsasında tamaşanın hazırlanacağını bildirib.
Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə şair-dramaturq Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında səhnələşdirilən tamaşa nümayiş etdirilib.
Sevgili Mustafazadə