Mədəniyyət Nazirliyi Azərbaycanın zəngin mədəniyyətinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq quraraq müxtəlif layihələr həyata keçirməkdədir. Xüsusən mədəni marşrutların yaradılması və inkişafı ilə bağlı yeni layihələr işlənilir.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, bu işlərin davamı olaraq, Azərbaycanın musiqi mədəniyyətinin təbliğ edilməsi, mədəniyyət obyektlərinə marağın daha da artırılması məqsədilə “Şərqin musiqi paytaxtına səyahət” adlı mədəni marşrut layihəsi hazırlanıb.
Marşrutun proqramına Azərbaycanın görkəmli musiqi xadimlərinin ev-muzeyləri, abidələri, teatr və konsert müəssisələri, musiqi xadimləri haqqında qısa məlumatlar və fotolar əlavə edilib. “Şərqin musiqi paytaxtına səyahət” mədəni marşrutunun proqramı 4 günlük nəzərdə tutulub, lakin gələcəkdə turizm şirkətləri tərəfindən proqram qonaqların istəyinə əsasən uyğunlaşdırıla bilər.
Qeyd olunan layihənin həyata keçirilməsi Azərbaycanın musiqi mədəniyyətinin geniş şəkildə təbliğinə, ölkəmizin musiqi xadimlərinin tanıdılmasına və mədəni sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Bununla yanaşı, hər il ölkəmizdə müxtəlif beynəlxalq musiqi festivallarının keçirildiyini nəzərə alsaq, “Şərqin musiqi paytaxtına səyahət” mədəni marşrutu ölkəmizə gələn əcnəbi qonaqlar arasında növbəti il üçün keçirilməsi nəzərdə tutulan Rostropoviç Beynəlxalq Musiqi Festivalı, “Jara-2019” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Bakı Beynəlxalq Caz Festivalına marağın daha da artmasına və onların asudə vaxtlarının səmərəli şəkildə təşkilinə zəmin olacaq.