Pakistanın “Vertex International” jurnalının xüsusi buraxılışı Azərbaycana həsr edilib - FOTOLAR
Pakistanın “Vertex International” jurnalının oktyabr buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və Azərbaycan-Pakistan münasibətlərinə həsr olunub.
NUHÇIXAN xəbər verir ki, buraxılışda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibəsi, jurnalın baş redaktorunun müəllifi olduğu Xocalı soyqırımına dair yazı, eyni zamanda, AXC-nin 100 illiyinə, Azərbaycan-Türkiyə münasibətlərinə, Naxçıvanın 2018-ci il “İslam mədəniyyətinin paytaxtı” olmasına və ölkəmizin turizm potensialına aid məqalələr yer alıb. Jurnalda, həmçinin Azərbaycan iqtisadiyyatının perspektivləri, Azərbaycan mətbəxinə dair materiallar öz əksini tapıb.
Əli Əlizadənin müsahibəsində Azərbaycan-Pakistan ikitərəfli münasibətlərindən, ölkələrimizin bir-birinə verdiyi dəstəkdən söhbət açılır. Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə toxunulub, əlaqələrin inkişafı, Pakistandan ölkəmizə gələn turistlərin sayındakı artım, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrə dair məlumatlar oxuculara çatdırılıb. Səfir, eyni zamanda, Pakistanda həyata keçirilən layihələrlə bağlı fikirlərini bölüşüb, Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə bağlı məlumat verib, Azərbaycan-Pakistan iqtisadi-ticari əlaqələrini şərh edib.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” adlı məqalədə müsəlman dünyasında ilk parlament respublikası olan AXC-nin siyasi sistemi, quruluşu, xarici siyasəti, qadınlara bir çox Qərb dövlətlərindən daha əvvəl seçki hüququ verməsindən ətraflı bəhs olunur. Xüsusən, AXC-nin beynəlxalq birlik tərəfindən tanınması uğrunda apardığı fəaliyyət, Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyəti, Konfrans iştirakçıları tərəfindən de-fakto tanınma, AXC-nin qonşu dövlətlərin müxtəlif şəhərlərində açmağa nail olduğu konsulluqlar, eyni zamanda, ölkəmizdə müxtəlif xarici dövlətlərin nümayəndəliklər təsis etməsi barədə ətraflı danışılır. Məqalədə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğu qeyd edilir, cəmi 23 ay mövcud olmuş AXC-nin Azərbaycan tarixində dərin müsbət iz buraxdığı vurğulanır.
“Naxçıvan–2018-ci il İslam Mədəniyyətinin Paytaxtı” sərlövhəli materialda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qeyd olunur. Daha sonra isə Naxçıvan şəhəri və ümumilikdə muxtar respublika (MR) ilə bağlı məlumat verilir, Naxçıvanın tarixinə nəzər salınır. Naxçıvan MR-in iqtisadiyyatından danışan müəllif statistik rəqəmlərə də yer verir. Sonda Naxçıvanın turizm potensialına toxunulur, muxtar respublikanın görməli yerləri, landşaftı, bitki və heyvanat aləmi, iqlimi ilə bağlı məlumat verilir.
Jurnalın baş redaktorunun müəllifi olduğu “Xocalı qətliamı – Unudulmaz hadisə” sərlövhəli məqalədə Dağlıq Qarabağ bölgəsinin tarixinə nəzər salınır, ermənilərin bu ərazilərə köçürülməsindən danışılır, həmçinin Sovet İttifaqının dağıldığı ərəfədə başlanan münaqişə barədə məlumat verilir. Müəllif Xocalı soyqırımı barədə danışır, bu hadisənin erməni barbarlığının bariz nümunəsi olduğunu vurğulayır. Azərbaycan ərazilərinin geri qaytarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxunulur, eyni zamanda, Pakistan Parlamentinin Xarici Əlaqələr Komitələrinin Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını pisləyən qətnamə qəbul etdiyi vurğulanır. Müəllif sonda işğal olunmuş Azərbaycan torpaqlarının ya sülh yolu ilə, ya da hərbi güc işlədərək geri qaytarılmalı olduğunu bildirir.
“Azərbaycan ən cəlbedici turizm məkanlarından biridir” sərlövhəli yazıda Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verilir, ölkənin tarixən mədəniyyətlərin kəsişməsində yerləşdiyi vurğulanır, bəzi tarixi və müasir abidələr sadalanır. Daha sonra isə Azərbaycana səfər etməyə təşviq edən 10 səbəb göstərilir.
“Azərbaycan iqtisadiyyatına baxış” adlı yazıda müəllif Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) və adambaşına düşən ÜDM ilə bağlı məlumat verir, keçirilmiş son prezident seçkilərindən sonra ölkədə iqtisadiyyatın müxtəlif sahələrində ciddi islahatların aparıldığını qeyd edir. Məqalədə Azərbaycanın iqtisadi göstəriciləri, idxal-ixrac balansı, əsas ticarət tərəfdaşları barədə statistik rəqəmlərə yer verilir, həmçinin müxtəlif şəkil və qrafiklərdən istifadə olunur.
“Azərbaycan mətbəxi və yemək reseptləri” sərlövhəli yazıda Azərbaycan mətbəxinin Şərq mətbəxinə aid olduğu vurğulanır və müxtəlif Azərbaycan yeməklərinin adları sadalanaraq qısa məlumat verilir. Həmçinin Azərbaycan səfirinin xanımı Aynurə Əlizadə tərəfindən təqdim edilmiş toyuq və balıq ləvəngisinin, Azərbaycan paxlavasının resept və hazırlanma qaydalarına da yer verilir.
“Azərbaycan mədəniyyəti” başlıqlı məqalədə isə Azərbaycan mədəniyyətinin əsasən İslam mədəniyyəti, milli ənənələr və dəyərlər əsasında formalaşdığı qeyd olunur, mədəniyyətin əsas göstəricilərindən birinin memarlıq olduğu vurğulanır və Azərbaycan memarlığının bəzi incilərinin adları çəkilir. Müəllif, həmçinin Azərbaycan musiqisinin müxtəlif janrları, milli rəqslər, kişi və qadınların milli geyimləri barədə yazır.
Jurnalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” adlı kitabı barədə də oxuculara məlumat verilir.