Naxçıvanda 31 Mart - Soyqırımı Gününə həsr olunan sərgi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 31 Mart - Soyqırımı Gününə həsr olunan sərgi açılıb.
Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva və sənətşünas Nizami Alıyev müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırımı siyasəti barədə danışıblar.
Qeyd olunub ki, Azərbaycan təsviri sənətində və xüsusilə rəssamların yaradıcılığında xalqımıza qarşı tarixin bütün mərhələlərində törədilən faciələr yer alıb. Rəssamların əsərləri dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə nümayiş etdirilib, mənfur ermənilərin qaniçən siması tanıtdırılıb. Naxçıvanlı rəssamlar da bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar.
Sonra sərgiyə baxış olub, tədbirdə iştirak edən şəhid ailələrinə şəhid portretləri təqdim olunub.
Azərbaycanlılara qarşı törədilən soyqırımının 105-ci ildönümü ilə bağlı təşkil olunan sərgidə 15 rəssamın 31 əsəri nümayiş olunur. Sərgilənən əsərlərin hər biri məzmun və mahiyyət etibarilə xalqımızın mübarizə əzmini, ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkrli siyasətin iç üzünü açıqlayır.
“Ana fəryadı”, “Şəhid anası”, “Bir ovuc torpaq”, “Soyqırım”, “Fəryad” əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Müxtəlif üslub və kompozisiyalarda işlənən əsərlərdə soyqırıma məruz qalmış insanların torpaq sevgisi, yaşantıları, psixoloji vəziyyəti boyaların dili ilə təsvir edilib.
Qeyd edək ki, sərgi 1 həftə ərzində davam etdiriləcək.
Mədinə Rəhimli