Bu gün Nəcəf bəy Vəzirovun doğum günüdür

A- A A+

Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün görkəmli ədib Nəcəf bəy Vəzirovun anadan olmasının 169-cu ildönümü tamam olur.

Nəcəf bəy Vəzirov 1854–cü il aprelin 2-də Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Yazıçının uşaqlığı fərəhsiz keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşüb. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olub. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, o, on iki yaşında məktəbə gedib və tez bir zamanda oxuyub–yazmağı öyrənib.

Vəzirov ilk təhsilini dini məktəbdə alıb. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada erməni müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

Gimnaziyada oxuyarkən N.Vəzirovun böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H.Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: “1873–cü ildə altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

N.Vəzirov 1874–cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olunmaq istəyir. Lakin attestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəmədiyindən Moskvaya qayıdır və sentyabrda Petrovski–Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

Onun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H.Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir. 1878–ci ildə N.Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Daha sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. 1890–cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N.Vəzirovun xoşuna gəlmir.

Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradır. N.Vəzirov 1903–cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1913–cü il noyabrın 15–də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışıb. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edib. Azərbaycanda aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyib.

Nəcəf bəy Vəzirov 1926–cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyulun 13–də orada ürək çatışmazlığından vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: