Qarabağın dilbər, cənnət guşəsi olan Şuşa Azərbaycan ədəbiyyatına, incəsənətinə, teatrına dahi sənətkarlar bəxş edib. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edib və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçiribdir. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilib və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Şəhərə, onun tarixi mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib”.
XIX əsrdən başlayaraq Şuşada teatr tamaşaları artıq yeni ictimai məzmun və forma kəsb etməkdə idi. Mütərəqqi fikirli insanlar arasında teatra qarşı maraq hissi artmağa başlandı və bu da tərəqqiyə doğru addımların atılmasına səbəb oldu.
Professor İnqilab Kərimov o dövrü şərh edərək yazır: “Məlum olur ki, yerli əhali yalnız xalq teatrlarının tamaşaları, xanəndə və aşıqların çıxışları ilə kifayətlənməyib, modern teatr tamaşalarına da baxırmışlar. Şuşada yerli kəndirbazların və səyyar sirk artistlərinin də çıxışları olurdu”.
“Qafqaz” qəzetində bu barədə yazılıb: “Şuşalıların bütün əyləncələri içərisində birinci yeri cənab Lamberkerin sirk tamaşaları tutur”.
1938-ci ilin fevralında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb, 1943-cü ildə isə teatrın adı Şuşa Dövlət Musiqili Dram Teatrı olaraq dəyişdirilibdir. Üzeyir Hacıbəylinin adının verildiyi teatrda dram və komediyalarla yanaşı, opera və operettaları da oynanılıb, teatr maraqlı inkişaf yolu keçib. Şuşa Dövlət Musiqili Dram Teatrı fəaliyyətini 1949-cu ildə dayandırıb.
“Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990-cı il) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992-ci il) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib, Qarabağ hadisələri ilə bağlı olaraq 1992-ci ildə teatr Bakıya köçüb və Gənc Tamaşaçılar Teatrının binasında (1992–2005-ci illər) fəaliyyətini davam etdirib. Hazırda Bakıdakı “Savalan” kinoteatrının binasında fəaliyyət göstərən (2005-ci ildən) teatrın Bakıda ilk tamaşası Üzeyir Hacıbəyovun “Arşın mal alan“ musiqili əsəri olub (13 fevral 1993-cü il).
Şuşa teatrının inkişafına Ə.Haqverdiyev dəstək göstərib. Haqverdiyev Peterburqda oxuyarkən yay tətillərində tez-tez Şuşaya gələr, ziyalılar və teatrsevərlərlə birgə bu sahənin inkişafına xidmət göstərərmiş. Bütün bunların nəticəsində bir müddət sonra - 1896-cı ildə “Dağılan Tifaq” Şuşada tamaşaya qoyulur, rejissoru Haqverdiyevin özü olur. Əsər ilk dəfə Şuşada oynanıldıqdan sonra, Bakıda, Tiflisdə, Batumda, Naxçıvanda və bir çox başqa şəhərlərdə dəfələrlə müxtəlif ifalarda tamaşaçılara təqdim olunur.
Şuşa Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli yer tutur, bura həm də teatrsevərlərin ziyarət etdiyi məkan idi. Cəlil Məmmədquluzadənin də yaradıcılıq taleyində Şuşanın öz yeri var. Rzaqulu Nəcəfov öz xatirələrində belə yazır: “Ölülər” komediyasının birinci oxunması 1913-cü ildə Şuşa qalasında vaqe olur... Həmin ilin yayında biz də qalada idik. Mirzə Cəlillə həyat yoldaşı Həmidə xanımın mənzilləri şəhərin erməni hissəsində idi. O yayı Bakıdan Sarabski və Ağdamski qalaya qastrola gəlmişdilər. Başqa artistlər də vardı. Əbdürrəhim bəy də ki adəti üzrə yayı Şuşada keçirirdi.
Əbdürrəhim bəy Haqverdiyev, maarif və səhnə xadimlərimizdən Azad Əmirov, qardaşı doktor Umbay Əmirov, Surxay Adıgözəlov, Xalq artisti Sarabski, Əhməd Ağdamski, doktor Kərim bəy Mehmandarov, Bədəl bəy Bədəlbəyov, Həmidə xanım, Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər, o vaxtın məşhur dram artisti səhnədə Vəli adı ilə şöhrətlənmiş Əbülfət Vəliyev və bu sətirləri yazan hazır idi. Mirzə Cəlil cürətsiz, bir qədər utana-utana “Ölülər”i oxumağa başladı... Hamı bir səslə əsəri təqdir və tərif etməklə bərabər, hələlik səhnədə qoyulmasın bilxassə mövhumat yuvası olan Şuşa qalasında tez olduğunu qeyd etdilər”.
1916-cı ilin avqustun 17-də Xurşidbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulan “Ölülər” əsərindən sonra cəhalətsevərlər və bir qrup molla Cəlil Məmmədquluzadənin ünvanına nalayiq fikirlər söyləyərək, müəllifi tənqid atəşinə tutur.
1920-ci illərdə, teatrın repertuarında Ə.Haqverdiyevin “Ac həriflər”, “Dağılan tifaq”, N.Vəzirovun “Hacı Qəmbər”, S.M. Qənizadənin “Axşam səbri xeyir olar”, Ü.Hacıbəyovun “Məşədi İbad”, Z.Hacıbəyovun “Əlli yaşında cavan” və başqa əsərlər yer alırdı.
“Yeni fıkir” qəzeti M. Şərifzadənin rəhbərliyi ilə Şuşaya gələn Bakı Dövlət Teatrı aktyorları tərəfindən “İblis”, “Şeyx Sənan”, “Aydın”, “Oqtay Eloğlu”, “Qaçaq Kərəm” kimi pyeslərin oynanıldığı xəbərini vermişdi.
1943-cü ildə Şuşada Dövlət Musiqili Dram teatrı yaradıldı və Əzizağa Məmmədov teatra bədii rəhbər təyin olundu. İncəsənət işləri idarəsinin razılığı və teatrın bədii şurasının qərarı ilə repertuara Ü.Hacıbəyovun “Arşın mal alan”, “Məşədi İbad, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, Z.Hacıbəyovun “Aşıq Qərib”, R.Rzanın “Vəfa”, S.Rüstəmin “Qaçaq Nəbi”, C.Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, V.Şekspirin “Otello” əsərləri daxil edilir. Sonralar SSRİ Nazirlər Sovetinin 560 №-li 6 fevral 1949-cu il qərarı ilə bədxah məmurlar teatrı qapatdırırlar.
Bütün bunlara baxmayaraq teatrsevərlər öz repertuarlarında S.Vurğunun “Fərhad və Şirin”, “Vaqif”, Ü.Hacıbəyovun “Məşədi İbad”, S.Rüstəmin “Qaçaq Nəbi”, C.Cabbarlının “Solğun çiçəklər” əsərlərini saxlayır və mütəmadi oynayırdılar.
Nəticədə Şuşada mədəni mühit getdikcə inkişaf edirdi. Və dayanmadan əzmlə çalışan ziyalıların arzuladığı gün nəhayət yetişdi.
Azərbaycan Nazirlər Sovetinin 11 may 1990-cı il 200 №-li qərarına əsasən Azərbaycan Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il 192 №-li əmri ilə Şuşada Dövlət Musiqili Dram Teatrı yaradıldı. Aktyor-rejissor Yadigar Muradovun bədii rəhbər- direktor olduğu Şuşa Dövlət Musiqili Dram teatrı yarandığı gündən etibarən mütərəqqi ideyaların carçısına çevrildi. Burada yüksək yaradıcılıq eşqi ilə yanaşı demokratik ab-hava hökm sürürdü. Teatrın bədii şurası qərara aldı ki, teatrın pərdəsi, Üzeyir bəy Hacıbəyovun dünya şöhrətli musiqili komediyası olan “Arşın mal alan”la açılsın. Bundan başqa, teatrın repertuarına S.ƏIəsgərov və Ş.Qurbanovun “Özümüz bilərik” musiqili komediyası və E.Baxışın “Uzun Həsən” tarixi dramı da daxil edildi.
Gözəl günlərin ardından ermənilərin vəhşilikləri səbəbindən teatr Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının tamaşası ilə öz pərdəsini Bakıda açdı.
Azərbaycanın qocaman, nəhəng sənət ocaqları sırasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov mediadakı müsahibəsində deyib: “Biz kollektivimizlə birgə söz vermişik ki, Şuşaya qayıdış başlayanda, hava şəraitindən asılı olmayaraq, məhz binamızın yerində, daşların üzərində “Arşın mal alan”ı oynayaq. Bu bizim arzumuzdur...”
Şuşa teatrı 1992-ci ilin avqust ayında Bakıda Gənc Tamaşaçılar Teatrının binasında yerləşdirildiyi gündən etibarən S.Qənizadənin “Ayının min oyunu”, V.Qaufun “Xəlifə Leylək”, B.Appayevin “Gözəlləri necə qaçırmalı” kimi maraqlı tamaşalar və “Nəğmədir, gülüşdür hər dərdə məlhəm” tamaşa-konsert proqramı ilə çıxış edib.
2005-ci ildə “Savalan” kinoteatrının binasında şəraitsizlik səbəbindən fəaliyyətsiz qalan teatra Bakıdakı teatrların səhnəsində ayda 2 dəfə çıxış etmək üçün şərait yaradılıb və bina sonralar əsaslı təmir olunaraq 2018-ci ildə Şuşa teatrının ixtiyarına verilib.
Gülxarə Əhmədova
Naxçıvan Dövlət Universiteti
Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi