İrəvan xalçaları tarixi keçmişimizin əsrarəngiz, əvəzsiz yadigarıdır - VİDEO

A- A A+

Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış azərbaycanlılar tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq, xalçaçılıq nümunələri ərsəyə gətirib. Qədim Azərbaycan xalçaçılıq sənətinin bir qolunu təşkil edən İrəvan xalçaları əsrarəngiz gözəlliyi ilə Qərbi azərbaycanlı soydaşlarımızın əvəzsiz sənət əsərləridir.

Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı, Təbriz kimi əsas xalça qruplarında təsnif və tədqiq olunan Azərbaycan xalçaları aid olduğu bölgələrin coğrafi, etnik, mədəni müxtəlifliyini əks etdirir. Bunların sırasında İrəvan xalçaları hələ orta əsrlərdən dünyaya səs salıb. Bu xalçalarının gözəlliyi, əzəməti, daşıdığı dərin missiya çox dəyərlidir. İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. İstər yer-yurd və coğrafi adlar, istərsə də müasir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri vaxtı ilə bu ərazidə yaşamış Azərbaycan türklərinin keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir.

Ümumiyyətlə, Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər, namazlıqlar, çullar və digər toxunma məmulatları da mövcud olub. O yerlərin zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar verib, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş edib. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir.

1948-53-cü illər deportasiyası nəticəsində minlərlə insan öz torpağından çıxarılıb, başqa ərazilərə köçürülüb. Boşalan kəndlərdə təbii olaraq xalça ənənəsi də itib-batıb. İrəvan xalçaları, bütövlükdə toxuculuq, tikmə sənətinə aid olan nümunələrin təbliği, daha çox tanıdılması istiqamətində mühüm işlər görülüb və görülməkdədir. “İrəvan xalçaları” broşürü rus və ingilis dillərində işıq üzü görüb. Azərbaycan xalçaçılıq məktəbinin mühüm qollarından olan İrəvan xalçaları haqqında "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabı çap olunub. İrəvan qrupu xalçalarının tarixi-etnoqrafik, sənətkarlıq baxımından təhlili onların Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, tarixi keçmişimizin əvəzsiz yadigarı olduğunu bir daha təsdiq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: