I Uşaq İncəsənət Festivalında muxtar respublikadan 489 nəfər iştirak edəcək

A- A A+

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə  I Uşaq İncəsənət Festivalı keçirilir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət  Nazirliyinin mətbuat  xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, fərdi və kollektiv formada keçirilən festivalda iştirak etmək üçün 489 nəfər qeydiyyatdan keçib. Onlardan 292 nəfəri fərdi, 197 nəfər isə kollektiv iştirakçıdır.

Festival ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimat və rəqəmsal incəsənət nümunələri də daxil olmaqla, ümumilikdə 21 nominasiya üzrə keçirilir. Festivalda muxtar respublikadan olan iştirakçılar 19 nominasiya üzrə təmsil olunacaq. Festivalın ilk mərhələsində Naxçıvan şəhərindən 115 nəfər fərdi və 14 kollektiv, Babək rayonundan 25 nəfər fərdi, Culfa rayonundan 21 nəfər fərdi, Kəngərli rayonundan 19 nəfər fərdi və 3 kollektiv, Ordubad rayonundan 26 nəfər fərdi və 2 kollektiv, Sədərək rayonundan 18 nəfər fərdi və 1 kollektiv, Şahbuz rayonundan 42 nəfər fərdi və 1 kollektiv, Şərur rayonundan  26 nəfər fərdi və 1 kollektiv iştirak edəcək.

Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası uşaq və yeniyetmələr peşəkar  və həvəskar olmaqla üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.

Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilər. Kollektiv olaraq festivala qatılanların isə fərdi şəkildə əlavə bir nominasiyada da iştirak etməsi mümkündür.

Festivalın I mərhələsi bu ilin aprel-iyun ayında keçirilir. Birinci mərhələdə qalib olmuş iştirakçılar festivalın ikinci mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın ikinci mərhələsi iyun-avqust ayında keçiriləcək. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın final mərhələsi cari ilin sentyabr ayında Bakı şəhərində keçiriləcək. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcəkdir.

 Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılmasının təşviq edilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: