Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 112-ci ildönümü tamam olur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 80 illik ömrün 60 ildən çoxunu sənətə həsr edən, “Mənim müəllimim təbiətin özüdür!”,- deyərək Vətəni Azərbaycana sonsuz sevgi ilə bağlanan görkəmli rəssamın yaratdıqları bu gün də böyük maraq doğurur.
Bənzərsiz portret və təbiət mənzərələri
Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edir.
Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk rəsm əsərini çəkəndə onun 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) müxtəlif eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında karikaturaları, rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, işıqlandırdığı mövzular bu gün də aktual səslənən “Molla Nəsrəddin” Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi. O, 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra həyatını bütövlükdə “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) bağlayıb.
Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olub. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz edib. H.Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləyib.
İlk baxışdan diqqəti cəlb edən əsərlər
İstedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri üstünlük təşkil edirdi. Təsadüfi deyil ki, gənc vaxtlarında çəkdiyi dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin portretinə görə o, respublika müsabiqəsində birinci yerə layiq görülüb və üç min manat mükafat alıb. Hüseyn Əliyev sərbəst və cəld işləməyin ustası idi. Hələ tələbəlik illərində yaratdığı sənət əsərləri elə ilk baxışdan diqqəti cəlb edirdi. O öz iş yoldaşlarının, ailə üzvlərinin, onda maraq doğuran adamların portretini qısa müddət ərzində çəkə bilirdi.
İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü surətdə orduya yazılıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib. Musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub, neçə-neçə igid döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkib. Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.
Vətənə böyük sevgisindən yoğurulan rəsmlər
Hüseyn Əliyev istedadlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Rəssamın təbiətin gözəlliklərini əks etdirən mənzərələri monumentallığı ilə seçilir. Bu əsərlər qeyri-adi koloriti ilə diqqəti cəlb edir, Vətənə böyük sevgisindən xəbər verir. Milli incəsənətin tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və çox yüksək qiymətləndirilir.
Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.
Ustad rəssam tərəfindən yaradılan bütün əsərlərin əsasını şəxsiyyətin psixoloji dərkedilməsi və təbiətin fəlsəfəsi təşkil edir. Rəssam onu əhatə edən təbiətdə başqalarının görə bilmədiklərini görür, onu özünəməxsus, adi baxışa zidd dərk edir. O, qəhrəmanlarının daxili dünyasını çox incəliklə təsvir edir, bunu onların üzlərində əks etdirirdi.
Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazır: “Qəlbimdə Xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur”.
Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan fırça ustası
Vətənin füsunkar təbiəti rəssamın duyğuları ilə həmahənglik yaradaraq rənglərdən ibarət nəhəng bir çələngə çevrilib. Fırça ustasının Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi ilə diqqət cəlb edir. Xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarda təsvirini yaradıb. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilir. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb.
Xalq rəssamı Mikayıl Abdullayev sənət dostunun bu uğurundan vəcdə gələrək yazırdı: “Dünya təcrübəsində yalnız italyan rəssamının bir dağın on görünüşündən başqa heç kim bir obyektin 25 görüntüsünü kətan üzərində əks etdirməyib”.
Hüseyn Əliyevin “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsuludur.
Hüseyn Əliyev həm də portret janrının ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Eləcə də Nizami Gəncəvinin portreti də düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.
Həyat, sevgi, gözəllik, dinamizm - Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.