Bu gün Xalq artisti Həsənağa Turabovun doğum günüdür

A- A A+

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Bu sırada XX əsrin səhnə salnaməmizin nadir simalardan biri - Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun öz yeri var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Xalq artisti Həsənağa Turabovun anadan olmasının 85-ci ildönümü tamam olur.

Bakıda dünyaya göz açmış Həsənağa Turabov 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Onun rəhbərliyi dövründə teatr binası əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

Görkəmli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Aktyorun yaratdığı obrazlar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.

Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.

Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin (“Yeddi oğul istərəm”) misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına “bu rejissorun seçimidir” deyərdi, “mən yalnız onun dediklərini etmişəm”. Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.

“Yeddi oğul istərəm” filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: “Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirdi...”.

Həsənağa Turabov kinonu da teatr qədər sevib. Hətta, mənfi rolları da ustalıqla oynayıb. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) rolları təzadlı tiplər olsa da, sənətkarlıq baxımından yaddaqalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.

Həsənağa Turabovun “Axırıncı aşırım”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin yubileyi”) özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin oğurlanması”nda rejissor rolunda çəkilmişdi. “Qaçaq Nəbi”ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə “Ailə” və “Nə gözəldir bu dünya...” filmləri olmuşdu.

Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii veriliş Həsənağa Turabovun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu gün də yaddaşlarda qoruyub saxlayır.

Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Gənclərin aktyorluq sənətinin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Xalq artisti Həsənağa Turabov 2003-cü ilin fevralın 23-də 64 yaşında vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: