Uruqvay Şərq Respublikasının geniş oxucu kütləsinə malik Uy.Press xəbər agentliyi tərəfindən "Heydər Əliyev 100-Azərbaycan xalqının Ümummilli Lideri" sərlövhəli məqalə dərc edilib (https://www.uypress.net/Internacionales/Heydar-Aliyev-100--El-lider-nacional-del-pueblo-azerbaiyano-uc128608).
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən geniş bəhs edilib. Həmçinin bildirilib ki, Heydər Əliyev xalqını dövrün mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran, daimi mübarizə yolu ilə müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyev dühasının işığında qədəm qoydu. Davamlı tərəqqi yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının təntənəsidir.
Yazıda bildirilir ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk dövründə fövqəladə idarəçilik bacarığı, böyük vətənpərvərliyi, dəmir iradəsi, eləcə də uzaqgörən və məqsədyönlü qərarları sayəsində respublikanın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafı yolunda çox qısa müddətdə böyük irəliləyişlər əldə etmişdir.
Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı, böyük siyasi iradəsi və sarsılmaz inamı onun SSRİ-nin rəhbərlərindən biri kimi işlədiyi, iri layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq şəkildə büruzə verdi. Heydər Əliyev bütün varlığı ilə sevdiyi doğma xalqının mənafeyini daim yüksək tutur, respublikanın inkişafı üçün bütün mövcud imkanlardan istifadə edirdi.
Məqalədə diqqətə çatdırılır ki, ötən əsrin 1990-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili münaqişələr nəticəsində dünya siyasi xəritəsindən silinmək, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanın taleyinin həll olunduğu çətin bir zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilasında misilsiz fədakarlıq göstərmiş, onu ictimai-siyasi parçalanma və anarxiya pəncəsindən xilas etmiş, müşahidə olunan dərin tənəzzülün qarşısını almışdır.
Heydər Əliyev dövrünün ən nüfuzlu siyasətçiləri ilə çiyin-çiyinə Azərbaycanın müasir görkəminin və xalqın zəngin dəyərlərinin təbliğində, beynəlxalq münasibətlər sistemində dövlətin layiqli mövqeyinin təmin olunmasında müstəsna rol oynamışdır. Ermənistanla Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli ulu öndərin qarşıya qoyduğu əsas vəzifə olub və bunun bərpası üçün ölkənin bütün resursları, xalqın potensialı səfərbər edilib.
Xüsusi olaraq vurğulanır ki, Ulu Öndərin şah əsəri olan qüdrətli Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmaqla öz suverenliyini və müstəqilliyini qorumaq iqtidarında olduğunu nümayiş etdirdi.
Sonda qeyd edilir ki, dövlətçilik salnaməsində silinməz iz qoymuş Heydər Əliyev bütün həyatı boyu azərbaycanlı olması ilə fəxr edib və bütün dünyada Azərbaycanın rəmzi kimi tanınıb. Xalqımız onun əziz xatirəsini daim əziz tutur, böyük minnətdarlıq hissi ilə yad edir, hakimiyyətə qayıdış gününü Azərbaycan Respublikasının milli bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.