Ulu öndərin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gecə Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Heydər Əliyev Muzeyinin qarşısında təşkil olunan konsert proqramının aparıcıları bildiriblər ki, bu il Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Dahi liderin yubileyi ölkəmizin hər yerində böyük coşğu və təntənə ilə qeyd olunur.
Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin birləşmiş xor kollektivlərinin ifasında ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konsertdə məşhur bəstəkarların ulu öndərə həsr etdikləri, dahi rəhbərin sevdiyi əsərlər, həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa edilib, xalq mahnıları, rəngarəng rəqs nömrələri təqdim edilib.
Konsert proqramında təqdim olunan “Koroğlu” operasından “Uvertüra”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “El yolunda”, “Sənə də qalmaz”, “Qarabağ”, “Doğma diyarım”, “Yaşa, mənim xalqım”, “Xalq Heydər deyəcək”, “Nə gözəldir Azərbaycan”, “Ey Vətən oğlu”, “Mənim Azərbaycanım” və digər mahnılar əməkdar artistlər -Tural Nəcəfov, Mübariz Əsgərov, Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova, Hünər Əliyev və Filarmoniyanın solistləri tərəfindən səsləndirilib.
Filarmoniyanın və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs qrupunun təqdim etdikləri nömrələr tamaşaçılarda xoş əhvali-ruhiyyə yaradıb.
Alqışlarla müşayiət olunan konsert proqramı xor kollektivinin təqdimatında “Ürəklərdə yaşayacaqsan” əsəri ilə sona çatıb.
Şəfa Səfərova