Qazaxıstanın “Alashuly” musiqi qrupu Naxçıvanda konsert verib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qazaxıstan Respublikasının mədəniyyət və idman nümayəndələri ötən gün Naxçıvanda olub. Qonaqlar ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş maraqlı konsert və proqramları ilə çıxış ediblər.
Ötən gecə Naxçıvan şəhərindəki “Saat meydanı” Turistik İstirahət Mərkəzində coşğu dolu anlar yaşanıb. Qazaxıstan Respublikasının dünyaca məşhur "Alashuly" musiqi qrupunun rəngarəng ifaları gecəyə rəng qatıb.
Musiqi qrupunun türkçülüyü, Turan birliyini ifadə edən ifaları “Saat meydanı”na gələn hər kəsi coşdurub. İzləyicilər rəqs edib, əyləniblər.
Qazaxıstanlı dünya çempionu, rekordsmen güləşçi Timur Spataevin güc şousu gecəni daha da maraqlı edib.
Proqramın təşkilatçısı, türkiyəli iş adamı Yılmaz Okuklu bu cür proqramları türk dünyası birliyinin inkişafına, xalqlar arasındakı dostluq və qardaşlığa mühüm töhfə kimi dəyərləndirib.
"Alashuly" musiqi qrupunun üzvləri türk dünyasında sevilən məşhur musiqi töhfələrini ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ərməğan edib, izləyicilərlə xatirə fotoları çəkdiriblər.
Şəfa Səfərova