Naxçıvanda Uşaq İncəsənət Festivalının I mərhələsinə yekun vurulub - FOTOLAR

A- A A+

Naxçıvanda ölkəmizdə ilk dəfə keçirilən Uşaq İncəsənət Festivalının I mərhələsinə yekun vurulub.

Naxçıvan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ötən gün sonuncu -“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda rəqəmsal incəsənət nominasiyası üzrə seçimlər aparılıb.

Ümumilikdə 21 nominasiya üzrə keçirilən festivalda muxtar respublikadan 489 nəfər qeydiyyatdan keçib. İştirakçılar 19 nominasiyada təmsil olunub.

Festivalın I mərhələsində qalib olmuş iştirakçılar II mərhələdə iştirak etmək hüququ qazanıblar. Festivalın II mərhələsi 2023-cü ilin iyun-avqust ayında keçiriləcək. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanacaq. Final mərhələsi Bakı şəhərində bu ilin sentyabr ayında keçiriləcək. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak edən və fəallıq göstərən şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcəkdir.

Festivalın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Festival Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: