Məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qalibləri bəlli olub - FOTOLAR
Naxçıvan Dövlət Rəsm Qalereyasında “Rəssamların fırçasında əbədiləşən diyar - Naxçıvan” rəsm müsabiqəsinin yekun mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Anar Təhməzli və Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli müsabiqənin məqsəd və əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, müsabiqə böyüməkdə olan nəslə qədim və müasir Naxçıvanın daha da dərindən öyrədilməsi, ümumtəhsil məktəblərində təhsil alan istedadlı yeniyetmə və gənclərin aşkar edilib üzə çıxarılması, onlarda yaradıcılıq potensialının inkişaf etdirilməsi, ümumtəhsil məktəblərində təsviri incəsənət dərslərinin tədris səviyyəsinin yüksəldilməsi məqsədi ilə keçirilir.
Sonra müsabiqə iştirakçıları 2 saat ərzində mövzuya uyğun rəsm çəkiblər. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyən edilib.
Müsabiqədə birinci yerin qalibi Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sara Salehli, ikinci yerin sahibləri Naxçıvan şəhər 6 nömrəli məktəbin 11-ci sinif şagirdi Həcər Fərzəliyeva və Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi İlknur Haqverdiyeva, üçüncü yerin sahibləri isə Babək rayon Naxışnərgiz kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Günay Zamanova və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nurhan Heydərov olub.
Qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb, 5 iştirakçı fəxri fərmanla təltif edilib. Müsabiqənin bütün iştirakçılarına Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” təqdim edilib.
Qeyd edək ki, müsabiqə 3 turda muxtar respublika üzrə ümumtəhsil məktəblərinin rəsm çəkmək bacarığı olan VI-XI sinif şagirdləri arasında təşkil olunub. Rayon, şəhər turlarının qalibləri muxtar respublika turunda iştirak etmək hüququ qazanıblar