“Heydər Əliyev İli” çərçivəsində elmi-nəzəri konfrans keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.

Muzeydə davam etdirilən konfransda mədəniyyət nazirinin müavini Həsən Kərimov əsası ulu öndər tərəfindən qoyulan dövlət mədəniyyət siyasəti barədə danışıb. Qeyd edib ki, ümummilli liderin mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi diqqət ölkənin bütün bölgələrini əhatə edirdi. Naxçıvan da bu qayğıdan kənarda qalmır, mütəmadi olaraq mədəniyyət ocaqları tikilir, mədəniyyət xadimləri ad və titullarla təltif olunurdu.

Bəhruz Kəngərli Muzeyinin, Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında ulu öndərin iştirakı və söylədiyi geniş nitqi muxtar diyarın mədəniyyət tarixinin ən önəmli hadisələri olaraq yaddaşlara yazılıb. Vurğulanıb ki, bu gün mədəniyyətə qayğı uğurla davam etdirilir, mədəniyyətin bütün sahələrinin inkişafı istiqamətində dövlət proqramları qəbul edilir.

Elmi-nəzəri konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva  “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır”, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev  “Heydər Əliyev və ədəbiyyatımız”, Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Aytən Cəfərova “Milli mədəniyyətimizin hamisi–Ulu öndər Heydər Əliyev” mövzularında çıxış ediblər.

Çıxışlarda ulu öndərin ölkəmizdə həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasından ətraflı bəhs olunub.

Konfransın sonunda “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” filmi nümayiş olunub.

Sonda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

                                                                              Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: