"Naxçıvan Bəşəriyyətin Beşiyi" VI Beynəlxalq Rəsm Festivalının iştirakçıları Naxçıvandadır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sabah Naxçıvanda "Naxçıvan Bəşəriyyətin Beşiyi" VI Beynəlxalq Rəsm Festivalı keçiriləcək. Artıq festivalda iştirak edən incəsənət ustaları muxtar respublikadadır.

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Burada Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlar, Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan dövrü haqqında qonaqlara ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, muzeydə Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur. Muzeyin kitabxanasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.

Sonra festival iştirakçıları Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça muzeyində olublar. Bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzey muxtar respublikada xalçaçılıq sənətinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən müxtəlif xalçalar, xüsusilə də ümummilli lider Heydər Əliyevə həsr olunmuş süjetli xalça, həmçinin “Abbas Mirzə”, “Üç xaqan”, “Dəvəli”, “Ələmli”, “Ovçuluq”, “Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi” və digərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Gəzintinin davamında qonaqlar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə də tanış olublar.

Qeyd edək ki, "Naxçıvan Bəşəriyyətin Beşiyi" VI Beynəlxalq Rəsm Festivalı sabah saat 11:00-da Naxçıvan şəhərindəki "Əcəmi Seyrangahında" öz işinə başlayacaq. 

Mayın 31-də isə yekun tədbir və rəssamların mükafatlandırılması mərasimi keçiriləcək.

Festival iştirakçılarının gəzintisi davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: