Fransanın paytaxtı Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı başlayıb.
Azərbaycanın Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, sessiyanın əvvəlində çıxış edən ölkəmizin nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova əvvəlcə Konvensiyaya yeni qoşulan ölkələri təbrik edərək, Katibliyin hesabatını şərh edib. Ölkəmizin Konvensiyanın dəyər və prinsiplərinə sadiq olduğunu bildirən nazir müavini, sahənin inkişafı üçün Mədəniyyət Nazirliyi Aparatında xüsusi şöbənin fəaliyyət göstərdiyini qeyd edərək Azərbaycanda yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışıb.
Xatırladaq ki, konfrans işini 7-8 iyunda davam etdirəcək. İki ildən bir keçirilən tədbirin gündəliyi çərçivəsində həmçinin Komitənin 2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün Komitənin fəaliyyəti və gündəmdə olan digər mövzular müzakirə olunacaq.
Konfransda Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edir.