Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nailə Mehdiyevanın rus dilində işıq üzü görən “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olub.
NUHÇIXAN xəbər verir ki, kitab dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə çap edilib.
Təqdimat mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışıb. Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən bəstəkarlardandır.
Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan F.Əlizadə dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söhbət açıb: “Qara Qarayevin həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, bizim muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”.
Prezident İlham Əliyevin “Qara Qarayevin 100 illik yubileyi haqqında” imzaladığı Sərəncamı xatırladan F.Əlizadə, ölkəmizdə bu il böyük musiqiçinin yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu yaxınlarda Qara Qarayevin ev muzeyinin açılması da dövlətimizin böyük sənətkarın yaradıcılığına olan diqqətinin bariz nümunəsidir.
Bildirilib ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla təqdim olunmaqdadır.
Sonra dahi bəstəkarın yaradıcılığına həsr olunan məruzələr dinlənilib. Həmçinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdi Səmra Həsənli və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Səbinə Eldarlının ifasında musiqi nömrələri səsləndirilib.