Ordubad və Şahbuzda yeni otellər tikiləcək - FOTOLAR
Qədim evlərin bir qismi butik otellərə çevriləcək
Sözügedən rayonlarda həmçinin turizm-rekreasiya zonaları yaradılacaq. Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasının bir çox beynəlxalq turizm assosiasiyaları ilə əlaqələri genişləndiriləcək. Qədim Ordubad şəhərinin mərkəzi Bakıdakı İçərişəhər formasında bərpa ediləcək. Bərpa işləri çərçivəsində 3 əsr yaşı olan Ordubad mədrəsəsi də tarixi-turizm obyektinə çevriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan televiziyasının “Üzbəüz” proqramında məlumat verilib.
“Üzbəüz”də Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın şərqdən giriş qapısına çevriləcək Ordubad rayonunun turizm potensialının hərəkətə gətirilməsinin xüsusilə əhəmiyyətli olacağı vurğulanıb. Ordubad və Şahbuzda indiyədək hər hansı bir otelin fəaliyyət göstərməməsinin təəssüf doğurduğu bildirilib, qoruq şəhər Ordubadda “Xan çinar” və “Su səsi” turizm və istirahət mərkəzlərinin fəaliyyətə başlaması ilkin addımlar kimi müsbət qiymətləndirilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına uyğun olaraq hazırlanacaq alt tədbirlər planında muxtar respublikanın turizm infrastrukturunun inkişafına dəstək veriləcək. Proqram çərçivəsində hazırlanacaq Naxçıvanın turizm atlasında bütün turizm obyektləri, turist xəritələri və marşrutları öz əksini tapacaq, ənənəvi turizm sahələri ilə yanaşı, yeni turizm növlərinin yaradılması həyata keçiriləcək.
“Üzbəüz”də Batabat yaylağı, Möminə xatun türbəsi, Əlincə qalası, Qarabağlar türbəsi kimi dünya əhəmiyyətli tarix və təbiət abidələrinə girişin digər xarici ölkələrdəki kimi ödənişli olması təklifi də səsləndirilib. Bu maddi-mədəniyyət nümunələrindən gələn gəlirlərin abidələrin tanıdılması və bərpasına sərf edilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, proqramın budəfəki qonaqları Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov və “Naxçıvan Travel” şirkətinin direktoru Natiq Paşayev olublar. Proqram bu bazar saat 21:00-da izləyicilərə təqdim olunacaq.