Naxçıvan Dövlət Filarmoniyasına "muxtar respublika" statusu verilib - FOTOLAR
Naxçıvan Dövlət Filarmoniyasına "muxtar respublika" statusu verilib. NUHÇIXAN xəbər verir ki, bununla bağlı təqdimat mərasimi keçirilib
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbəri Aləm Bağırov 1983-cü ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Filarmoniyası barədə məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu fəaliyyətini nəzərə alaraq dövlət filarmoniyasına "muxtar respublika" statusunun verilməsi qərara alınıb.
Vurğulanıb ki, filarmoniyaya bu yüksək statusun verilməsi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin filarmoniyanın əməkhaqqılarına yenidən baxılması təşəbbüsü nəticəsində olub.
Bu barədə qərarı diqqətə çatdıran Aləm Bağırov 1 iyul 2023-cü il tarixindən filarmoniya əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq dərəcə diapazonuna uyğun olaraq hər ay 40 manatdan 200 manatadək məbləğdə əlavə ödəniləcəyini bildirib.
Aparat rəhbəri deyib ki, Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi işçilərinin məsuliyyətini artırmaqla yaradıcı heyət qarşısında yeni tələblər qoyur. Belə ki, filarmoniya bundan sonrakı fəaliyyəti ilə muxtar respublika əhalisinə yüksək səviyyəli mədəni xidmət göstərməli, müasir səhnə sənətinin inkişafını təmin edən yaradıcılıq axtarışları aparmalı, milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rola malik olmalıdır.
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov və filarmoniyanın əməkdaşları atılan bu addımı yüksək qiymətləndirib, minnətdarlıqlarını bildiriblər.