Bu gün Xalq rəssamı Nadir Əbdürrəhmanovun anım günüdür

A- A A+

İyulun 26-sı Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, Nadir Əbdürrəhmanovun anım günüdür.

NUHÇIXAN xəbər verir ki, görkəmli rəssamın vəfatından 15 il ötməsinə baxmayaraq, onun yaratdığı bənzərsiz sənət nümunələri hər zaman böyük maraqla qarşılanır.

Xalq rəssamı N.Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər görkəmli sənətkarlarımızla birlikdə ölkəmizdə gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak edib. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə o, Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən N.Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıdıb. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xəti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynayıb. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilib.

Azərbaycan torpağının əsrarəngiz gözəllikləri və müasirlərin qurub yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olub. Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. N.Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yadda qalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Xalq rəssamının Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında xidmətləri də təqdirəlayiqdir. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilərək, sənətsevərlərin rəğbətini qazana bilib.

Onun, həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirib.

Xalq rəssamı Nadir Əbdürrəhmanov 2008-ci il iyulun 26-da ömrünün 83-cü ilində vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: