Hollivudun ssenarist və aktyorlarının davam edən tətili “Warner Bros. Discovery” şirkətinə cari ilin ikinci rübündə 100 milyon dollardan çox qənaət etmək imkanı verib.
NUHÇIXAN xəbər verir ki, şirkətin rəhbəri David Zaslav film istehsalının cari ilin sentyabrında bərpasının proqnozlaşdırıldığını bildirib.
“Əslində ilk olaraq ABŞ Kinematoqrafçılar Gildiyasından əvvəl Ssenaristlər Gildiyası tətil edirdi. Hətta ssenaristlərin fəaliyyətinin dayanması artıq televiziya və film istehsalının işinə xeyli ciddi təsir göstərib. Həmkarlar ittifaqları və studiyalar arasında danışıqlar hələ bərpa edilməsə də, gildiyalar tətillərin sentyabrda bitəcəyini, bunun da sayəsində film və serial istehsalına başlanacağını proqnozlaşdırırlar”, - deyə şirkətin rəhbəri qeyd edib.
Kinematoqrafiya biznesinin hekayə danışmaq üzərində qurulduğundan bəhs edən D.Zaslav gildiya tətillərinin yaxın zamanda bitəcəyini və yenidən kino istehsalının bərpa ediləcəyini vurğulayıb. O deyib: “Məqsədimiz istehsal etdiyimiz filmlər vasitəsilə izləyiciləri əyləndirmək və insanlara maksimum istirahət yaşatmaqdır. İşimiz tam olaraq bizi və digər insanları qane etdiyi zaman məqsədimizə nail olduğumuzu və gördüyümüz işin vacibliyini anlayırıq. Yaradıcı birlik olmadan biz bunların heç birini edə bilmərik. Ssenaristlər, aktyorlar, rejissorlar, redaktorlar, prodüserlər, bütün yaradıcı kollektiv yumruq kimi bir olaraq işləməlidir. Ümid edirik ki, bütün tərəflər tezliklə danışıqlar otağına qayıdacaq, yaradıcı insanlara ədalətli yanaşma bərpa olunacaq və bu tətillər də öz həll yolunu tapacaq”.