Baş konsul Asip Kaya Naxçıvan Teatrında olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türkiyənin Naxçıvanda baş konsulu Asip Kaya Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında olub.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşəbbüsü ilə təşkil edilən görüşdə 140 illik teatrın yaradıcılıq yolu və imkanları ilə tanış olan Asip Kaya Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. Teatrın direktoru, Xalq artisti Rza Xudiyev isə Naxçıvan Teatrının son illərdə gördüyü işlərdən, hazırlanan tamaşalardan danışıb. Qeyd edib ki, bu ilin iyul və avqust aylarında Naxçıvan Teatrının Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” tamaşası ilə Türkiyənin Sardes, İzmir, Foça şəhərlərinə etdiyi qastrol səfəri və teatrın direktor müavini, aktyor, rejissor Səməd Canbaxşiyevin avqustun 11-14-də Foça şəhərində keçirilən “II-ci Beynəlxalq Meddah və Masal festivalı”na olan yaradıcılıq turu uğurla başa çatıb. Teatrın direktoru bu səfərdə kollektivə göstərdiyi dəstəyə görə Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna və sponsorlara təşəkkür edib.
Qastrol səfərlərinə toxunan baş konsul onun əhəmiyyətindən danışıb, gələcəkdə ikitərəfli mədəni əlaqələrin daha da genişləndiriləcəyini qeyd edib. Bu cür əlaqələr həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100, həm Türkiyə Cümhuriyyətinin yaranmasının 100, həm də Naxçıvan Teatrının 140 illik yubileylərinə ən yaxşı mədəni töhfədir. Gələcəkdə də Naxçıvan Teatrının Türkiyənin yaxın bölgələrinə qastrol səfərlərinin təşkili, eyni zamanda Türkiyədən olan sənətkarların, teatrlar kollektivlərinin də Naxçıvana dəvət olunmasının vacibliyi vurğulanıb. Bu cür tədbirlər gələcəkdə Naxçıvan üzərindən reallaşacaq Zəngəzur dəhlizinin açılışından sonra türk dünyasının mədəni əlaqələrinin də güclənməsinə yardım edəcək.
Teatrın direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin və baş rejissoru Mir Qabil Əkbərovun da iştirak etdiyi görüşün sonunda teatrın kollektivi adından Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayanın rəssam Anar Əlizadə tərəfindən çəkilmiş portreti qonağa hədiyyə edilib.