Cənubi Koreyada ilk dəfə Azərbaycan xalçalarının sərgisi açılıb - FOTOLAR
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Fondunun birgə təşkilatçılığı, “Azərxalça” ASC-nin dəstəyi ilə Seul şəhərində “Xalçalar-Azərbaycanın inciləri” adlı sərgi açılıb.
Cənubi Koreyada Azərbaycan xalçalarının ilk dəfə nümayiş olunduğu sərgi dekabrın 19-dək bir sıra nüfuzlu tədbirlərə ev sahibliyi etmiş Koreya Fondunun Qalereyasında keçirilir. Sərgidə Azərbaycanın 9 xalçaçılıq məktəbinə (Bakı, Qarabağ, Qazax, Quba, Gəncə, İrəvan, Naxçıvan, Şirvan, Təbriz) aid olan 18 xalça nümayiş etdirilir.
Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, Koreyanın dövlət qurumlarının məsul şəxslərinin, diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimai xadimlərin, aparıcı şirkət rəhbərlərinin, nüfuzlu ali təhsil ocaqlarının rəhbərlərinin, mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri açılış mərasimində Koreya Fondunun Prezidenti Sihyunq Li Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xalçalar – Azərbaycanın inciləri” adlı sərgini təşkil etməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra iqtisadiyyat, müqavilə-hüquq, müdafiə kimi bir sıra əhəmiyyətli sahələrdə əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb.
Sihyunq Li rəhbərlik etdiyi Koreya Fondunun Azərbaycan mədəniyyətini və incəsənətini Koreya ictimaiyyətinə tanıtmağa çalışdığını bildirərək, hazırki sərgini UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Koreyada tanıdılması baxımından əlverişli bir imkan kimi dəyərləndirib. O, Azərbaycan xalçaçılıq sənətinin qədim dövrlərdən günümüzədək mühafizə edilib gətirildiyini və bu sərginin Azərbaycanın bədii və mədəni irsinin ifadəsi olduğunu qeyd edib.
Səfir Rəmzi Teymurov Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Koreyada ilk dəfə keçirilən Azərbaycan xalça sərgisinin tarixi bir hadisə olduğunu bildirib. O, Azərbaycan xalçaları barədə qonaqlara qısa məlumat verərək, xalçaçılıq sənətinin əsrlər boyu mühafizə edilərək bu günədək gətirildiyini, 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini, dünyada ilk ixtisaslaşmış xalça muzeyinin məhz Azərbaycanda təsis olunduğunu, Azərbaycan xalçalarının Luvr Muzeyində, Metropolitan, Boston, Filadelfiya, Viktoriya Albert incəsənət muzeylərində, eləcə də Ermitajda nümayiş etdirildiyini diqqətinə çatdırıb.
Səfir son illərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqəti ilə Azərbaycan xalçalarının xaricdə təbliğinin həyata keçirildiyini, hökumətin ölkədə xalça istehsalının genişləndirilməyə çalışaraq, yeni ixrac siyasətinə uyğun olaraq xalçaların Koreya da daxil olmaqla daha geniş coğrafi məkana ixracı istiqamətində müvafiq addımlar atdığını deyib.
Azərbaycan xalçaları ilə tanış olan qonaqlar onların füsunkar gözəlliyinin böyük təəssürat oyatdığını bildirib, Azərbaycan xalçalarının Koreyada satışını arzulandıqlarını vurğulayıblar.
Sərgidə Azərbaycan xalçaları ilə yanaşı, milli geyimlərimiz, musiqi alətlərimiz, mədəniyyət nümunələrimizi əks etdirən suvenirlər, o cümlədən Azərbaycan xalçalarına, xalçaçılıq məktəblərinə aid jurnal, kitab və broşurlar nümayiş etdirilib. Sərgi salonunda milli musiqi sədaları altında Azərbaycan xalçalarının hazırlanması ilə bağlı qısa videoçarx nümayiş olunub.
Yüksək maraq göstərilən sərgini minlərlə koreyalı və əcnəbinin, o cümlədən ali təhsil ocaqlarının tələbələrinin ziyarət edəcəyi gözlənilir.