Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, avqust ayında muzeylərin fəaliyyəti nəzarətdə saxlanılıb, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə seminar-treninq təşkil olunub, müxtəlif tədbirlər gerçəkləşdirilib. Ay ərzində muzeyləri 25 min 99 nəfər yerli, 17 min 468 nəfər əcnəbi olmaqla, ümumilikdə 42 min 567 nəfər ziyarət edib. Eyni zamanda muzeylərə 213 yeni eksponat daxil olub.
Həmçinin ötən ay nazirlik tərəfindən Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılardan yer-yurd adlarının, folklor nümunələrinin toplanması diqqətdə saxlanılıb, işin təşkili ilə bağlı seminar keçirilib, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Qərbi Azərbaycanla bağlı kitabxanaçı tövsiyəsi hazırlanıb. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən Kəngərli rayonunun Çalxanqala və Babək rayonunun Kərimbəyli kəndlərində yaşayan, Qərbi Azərbaycandan olan sakinlərdən Qərbi Azərbaycan folkloru və toponimləri ilə bağlı nümunələr toplanıb.