Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvi - Müsəlman intibahının parlaq nümayəndəsi” sərlövhəli məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, XII əsrin əvvəllərində yaşamış ilk qadın Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından, ədəbiyyatımız tarixində özünəməxsus yerindən bəhs edilir.
Bildirilir ki, o, XII əsr Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində böyük xidmətləri olan, poetik yaradıcılığı ilə yerli və xarici şərqşünasların diqqət mərkəzində yer alan istedadlı şairə idi. Onun şeirləri və dövrümüzə qədər gəlib çatmış 257 rübaisinin şərq poeziyası tarixində mühüm yer tutduğu qeyd olunur. Həmçinin bildirilir ki, onun əsərlərində məhəbbət insan hisslərini yüksəldən təbii hiss mənasını alır, şair insanın mənəvi və fiziki azadlığını dəstəkləyir və şeirlərində xalqın, xüsusən də Şərq qadınlarının azadlıq, xoşbəxt həyat arzuları öz əksini tapır.
Yazıda həmçinin qeyd olunur ki, şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilib. Buna nümunə olaraq, 2013-cü ildə UNESCO-nun Parisdəki mənzil-qərargahında Məhsəti Gəncəvinin 900 illik yubileyinin qeyd olunduğu göstərilib. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Məhsəti Gəncəvinin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr edilib, şairənin xatirəsi UNESCO-da ehtiramla yad edilib. Həmçinin 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə Məhsəti Gəncəvi Mərkəzinin açıldığı və onun oxu zalında şairənin həyat və yaradıcılığından, ədəbi irsindən bəhs edən kitabların, rübailərin elektron formatda təqdim olunduğu bildirilir.