Bu gün Şahbuz rayonundakı muzeyləri ziyarət edib oradakı eksponatlarla tanış olan insanların sayı artıb. Tariximizi keçmişimizin güzgüsü olan muzeylərdən öyrənmək istəyən rayon sakinləri bu ünvanları ziyarət edib, əcdadlarımızdan bizə miras qalmış müxtəlif dönəmlərin yadigarları olan eksponatlarla tanış olurlar. Həmin maddi-mədəniyyət nümunələrini əyani olaraq görmək və onlar haqqında ətraflı məlumat əldə etmək vətənimizin, xalqımızın keçmişini olduğu kimi öyrənməyin ən düzgün vasitəsidir. “Muzey günləri”nin keçirilməsinin davamı olaraq hər ayın sonuncu həftəsi rayonun bir sıra idarə, müəssisə və təşkilat kollektivləri bu məkanı ziyarət edirlər. Kollektivlər muzeydə yaradılan müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlara böyük maraq göstərirlər. Əsrlərlə yaşı olan muzey eksponatları ilə yanaşı, həm də müasir dövrümüzün böyük şəxsiyyətləri, şair və yazıçıları, torpaq uğrunda canından keçən qəhrəman vətən oğulları haqqında da geniş məlumat əldə edirlər. Muzeydə son illərdə yaradılan bir neçə bölmədə xalqın tarixində əbədiləşən belə insanların xatirə hədiyyələri, onlara məxsus əşyalar sərgilənir. İllər keçdikcə muzeyimizin eksponat baxımından zənginləşdirilməsi tarixin dərin qatlarından gələn izlərin də öyrənilməsinə imkan verir. Bu isə bu günə qədər sirr olan həqiqətlərin üzə çıxarılmasına, təbliğ olunmasına səbəb olur.
“Muzey günləri”nin keçirilməsinə xüsusi diqqət yetirilməsi tarixi şəxsiyyətlərin, böyük yazıçıların, unudulmaz qələm sahiblərinin irsinin öyrənilməsinə, yaradıcılığının təbliğinə də öz təsirini göstərir. Şahbuz rayonunun Nursu kəndində fəaliyyət göstərən Məmməd Arazın Ev Muzeyini rayonun idarə və təşkilatlarının kollektivləri mütəmadi ziyarət edirlər. Bu şairin irisi ilə tanışlıqla vbərabər həm də ədəbiyyatın təbliği kimi qiymətləndirliməlidir.
“Oğuz səsi” qəzeti