“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib
Şərur yallıları xalqımızın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri və ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı yallı sənətinin də öyrənilməsi, yaşadılması və təbliğində yeni istiqamətlər müəyyənləşdirmişdir.
“Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq” - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülmüş, yallılar ilk dəfə nota köçürülmüş, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunmuşdur.
Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansambılı və rayon mədəniyyət şöbələrinin nəzdində 21 yallı qrupu fəaliyyət göstərir. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılmış, ansamblın ifasından ibarət kompakt disklər hazırlanmışdır. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparmış, bu irsin YUNESKO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirmiş, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunmuşdur.
2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.
Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir.
Bununla da Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınmış, növbəti dəfə bu ölkəyə layiqli cavab verilmişdir.