Naxçıvan teatrının 141-ci mövsümünün açılış mərasimi olub - FOTOLAR

A- A A+

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının 141-ci mövsümünün açılış mərasimi keçirilib. 

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov Naxçıvan teatrının keçdiyi inkişaf yolundan, ölkəmizdə teatrın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Ulu Öndərə həsr edilmiş Aqşin Babayevin “Xilaskar” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Ümumilikdə, ötən mövsüm Naxçıvan teatrı 4 yeni tamaşa ilə 140 illik yubileyə öz töhfəsini verib.

Ölkə başçısının “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl”, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr studiyalarının yaradıldığını diqqətə çatdıran Həsən Seyidov yeni mövsümdə qarşıya qoyulan məqsədlərdən də danışıb. Diqqətə çatdırılıb ki, Naxçıvan teatrı yeni yaradıcılıq mövsümündə Elçin Əfəndiyevin “Şekspir”, Jan Batist Molyerin “Skapenin kələkləri” əsərləri əsasında səhnələşdirilən tamaşalarla izləyici qarşısına çıxacaq.

Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev məddah libasında səhnəyə çıxaraq nağılvari dillə Naxçıvan Teatrının yaranmasından, milli ziyalıların teatrın inkişafında gördüyü işlərdən danışıb.

Tədbirin bədii hissəsində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında səhnələşdirilən tamaşa nümayiş olunub.

Qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Tamaşada səriştəsiz xan və vəzirinin yarıtmaz əməlləri gülüş hədəfinə çevrilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: