"Anadolu" agentliyi Naxçıvanın tarixi abidələrindən reportaj hazırlayıb - FOTOLAR
Qardaş Türkiyənin "Anadolu" agentliyi "Naxçıvanda duz dağındakı xəstəxana şəfa gözləyənlərə ümid olur" və "Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır" sərlövhəli reportajlar yayıb.
NUHÇIXAN xəbər verir ki, Mehmet Yusuf Melikoğlunun müəllifi olduğu reportajda vurğulanır ki, Duzdağ Fizioterapiya Mərkəzində dünyanın müxtəlif yerlərindən gələn tənəffüs problemi olan xəstələrə sağlamlıq xidməti göstərilir.
Qeyd olunub ki, dağın 350 metr içində qurulan, tunellərdən keçilə bilən mərkəzdə yataqxanalarda qalan xəstələr 10-15 günlük müalicə müddətindən sonra sağlamlıqlarına qovuşurlar. Mərkəzə əsasən Türkiyə, Kanada, ABŞ, Rusiya, Yaponiya, Almaniya, Qazaxıstan və Fransa başda olmaqla bir çox ölkələrdən xəstələr müraciət edir.
Reportajda mərkəzdə kişi, qadın və uşaqlar üçün ayrı-ayrı müalicə sahələrinin olduğu vurğulanır. Eyni zamanda mərkəzin faydasını görənlərin yaxınlarını da bura gətirmək istədikləri qeyd olunur.
Həmçinin Qarabağlar türbə kompleksi və Möminə xatun türbəsi ilə bağlı hazırlanan reportajda vurğulanır ki, adı çəkilən abidələr Naxçıvana gələn turistlərin diqqət mərkəzindədir. Şərqlə qərb, şimalla cənub arasında körpü rolunu oynayan Naxçıvanda XII əsrə aid memarlıq xüsusiyyətləri ilə seçilən, şəhər mərkəzinin şimal-qərbində yerləşən Qarabağlar Türbə Kompleksi şərq memarlığının “incilərindən” sayılır.
Reportajda, eyni zamanda Möminə xatun türbəsi ilə bağlı da geniş məlumat yer alıb.
Möminə Xatın Türbəsinin isə Türk qadınlarına verilən dəyərin göstəricisi olduğu vurğulanıb. Qeyd edilib ki, Naxçıvanın ən məşhur memarlıq tikililərindən olan bu türbə Eldənizlər dövründə türk qadınları üçün tikilmiş monumental abidə kimi günümüzə qədər gəlib çatan əsərlərdəndir.
Reportajda Möminə xatun Türbəsinin tikilmə tarixi barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, öz dövrünün nüfuzlu siyasi xadimi olan Möminə xatun üçün tikilən məqbərə əhəmiyyətinə görə 12-ci əsrdə qadınlara verilən dəyərin göstəricisidir.
Qeyd edək ki, həmin reportajlar Türkiyənin dünyaca məşhur trthaber, trtavaz, ntv.az, diyanethaber və digər saytlarında yayımlanıb.